Xəbərlər
Rene Van Der Linden: Azərbaycan və Niderland böyük iqtisadi potensiala malik ölkələrdir
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığına səfəri çərçivəsində Niderland-Azərbaycan biznes forumu keçirilib.
Biznes forumda çıxış edən Şahin Mustafayev dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan və Niderland arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. Nazir bildirib ki, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, bankçılıq, sığorta, tikinti, nəqliyyat və digər sahələrdə 125 Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 800 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini vurğulayan Şahin Mustafayev 2014-cü ildə Niderlandın Maastrixt İdarəetmə Məktәbi və Azərbaycanın “ADA” Universiteti arasında imzalanmış Əməkdaşlıq Müqaviləsini qeyd edib.
Bildirilib ki, iş adamlarının iştirakı ilə keçirilən tədbirlər əməkdaşlıq perspektivlərinin müzakirəsi və sahibkarlar arasında yeni əlaqələrin qurulması üçün yaxşı imkan yaradır. Bu baxımdan, əlaqələrimizin davamlı olaraq inkişaf etdiyi Niderland Krallığı ilə mütəmadi olaraq biznes forumlar keçirilir. Belə forumlardan biri 2014-cü ildə Niderland Senatının üzvü Rene Van Der Lindenin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Van Der Linden Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verir. Təsadüfi deyildir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunub.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, bir sıra iri regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, Azərbaycanda siyasi, makroiqtisadi və maliyyə sabitliyinin təmin edildiyini, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizdəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb. İşğalçı siyasəti nəticəsində Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalıb.
Niderland Krallığı parlamentinin senatoru Rene Van Der Linden Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını bildirib.
Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Niderland iqtisadiyyatına, bu ölkəyə investisiya qoyuluşu imkanlarına, eləcə də iş adamları arasında əməkdaşlığa, Limburq vilayətinin qubernatorunun müavini Tvan Beurskens təmsil etdiyi regiona və onun iqtisadiyyatından danışıb.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun fəaliyyətinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nümayəndəsi Kamran Ağası qurumun gördüyü işlərə dair məlumat veriblər.
Biznes forumda Niderlandın “Witteveen+Bos Consulting engineers” şirkətinin layihə rəhbəri Bjent van der Enden Azərbaycandakı əlverişli işgüzar mühitə, Abşeron göllərinin texniki-iqtisadi əsaslandırılması və Böyük Şor layihəsi haqqında, “WP Haton” şirkətinin nümayəndəsi Ferdinan Kottier isə şirkətin ölkəmizdəki fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp ilə görüşüb. Görüşdə Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyi vurğulanıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu diqqətə çatdırılıb. Görüşdə bildirilib ki, bugünkü biznes forum da ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcək.