YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin kitabxanası ilə tanış olub

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Tokioda səfərdə olan Azərbaycan nümayəndə heyəti aprelin 22-də parlament kitabxanası ilə tanış olub.
Kitabxananın direktoru Noritada Otaki Azərbaycan nümayəndə heyətini salamlayaraq məlumat verib ki, parlament kitabxanası 1948-ci ildə təsis edilib. Bu, Yaponiyada yeganə dövlət kitabxanasıdır və eyni zamanda dünyanın ən çoxsaylı kitab fonduna malik kitabxanalarından biridir. Onun yaradılmasında məqsəd qanunvericilərə kitabxana xidmətinin təşkili və əhalinin deputatların fəaliyyəti ilə bağlı məlumatlandırılmasıdır. Əhali ilə parlament arasında körpü rolunu oynayan kitabxana oxucuların deputatların qanunvericilik fəaliyyəti ilə tanış olması üçün hər cür şəraitə malikdir. Burada müasir texnologiyalardan istifadə etməklə qanunvericilik sahəsində istənilən məlumatı əldə etmək olar.
Sonra Milli Məclisin sədrinə xatirə hədiyyəsi təqdim edilib.
Səmimi görüşə və ətraflı məlumata görə təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda da zəngin fonda malik müasir texnologiyalardan yararlanan kitabxanaların olduğunu bildirib. Qeyd edib ki, iki ölkənin kitabxanaları arasında əməkdaşlıq, təcrübə mübadiləsi iki xalq arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.
Sonda nümayəndə heyəti kitabxana ilə tanış olub. Milli Məclisin sədri Oqtay Əsədov kitabxananın fəxri qonaqları kitabına ürək sözlərini yazıb.