Xəbərlər
Londonda akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı olub
Londonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin təqdimatı olub.
Tədbirdə yerli və xarici elm adamları, ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri o cümlədən Rusiyanın Böyük Britaniyadakı səfiri Yakovenko Aleksandır Vladimiroviç iştirak edib.
Britaniyada fəaliyyət göstərən beynəlxalq hüquq təşkilatının həmsədri Kamran Balayev tədbir haqqında məlumat verib, kitabın elmi və siyasi əhəmiyyətindən danışıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə kitab haqqında geniş məlumat verib. Bildirib ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb.
Nəşrin elmi dəyərinin böyük olduğunu diqqətə çatdıran səfir, kitabın maarifləndirici məlumat kimi Qafqaz bölgəsində baş verən hadisələr, ölkələrin bir birləri ilə münasibətləri və doğma torpaqlarımıza qarşı edilən təcavüz haqqında maraqlı faktları əhatə etdiyini bildirib. Kitabın həmçinin tədris əhəmiyyətindən bəhs edən diplomat qeyd edib ki, uzun illərdir davam edən bir ədalətsizlik var və münaqişənin tezliklə həllini tapması bölgə üçün vacibdir. Danışıqlar prosesi, problemin həlli yolları və bunların gələcək nəsillərə çatdırılması üçün münaqişə ilə bağlı tədris davam etdirilməlidir.
Kitabın müəllifi akademik Ramiz Mehdiyev haqqında məlumat verən T.Tağızadə onun həm siyasətçi, həm də elm adamı olduğunu diqqətə çatdıraraq kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparıldığını vurğulayıb. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılır.