Xəbərlər
Bu gün müstəqil və güclü Azərbaycan ulu öndərin müəyyənləşdirdiyi siyasi xətlə layiqli şəkildə inkişaf edir, daha da güclənir
Müşfiq Cəfərov
Milli Məclisin deputatı
1993-cü ilin 24 iyunu dövlətçilik tariximiz üçün adi bir gün deyil, məhz bu tarix Ulu Öndər xalqını düşdüyü girdabdan çıxartmaq üçün fəaliyyətə başladı. Bu Azərbaycan xalqının, vətəndaşının arzusu, xalq inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi.
Beləliklə, 24 iyun tarixi 15 iyundan başlayan qurtuluşun çox vacib həlqəsi oldu. 1993-cü il 24 iyun günündən etibarən böhran və vətəndaş müharibəsi qarşısında qalan dövlətin daxili siyasəti tənzimləndikdən sonra Heydər Əliyevin uğurlu siyasəti sayəsində respublikamız qısa zamanda dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının xarici siyasətində az bir müddətdə dəyişikliklər yarandı və bununla da uğurlar qazanmaq mümkün oldu. Artıq beynəlxalq dövlətlər və təşkilatlar Azərbaycan Respublikasına ciddi diqqət yetirməyə başladı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində qısa müddətdə ölkəyə sərmayə axınını stimullaşdıran çağdaş innovativ inkişaf modelinin gerçəkləşdirilməsi mümkün oldu.
Peşəkar xarici və daxili siyasət yürüdən ümummilli lider müstəqilliyin ilk illərində Azərbaycan xalqının qarşısına çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi.
Heydər Əliyev rəhbərlik etdiyi dönəmdə Azərbaycanı bir müstəqil dövlət kimi ağır və sərt sınaqlardan çıxara bildi, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün tarixi addımlar atdı.
Bu gün müstəqil və güclü Azərbaycan ulu öndərin müəyyənləşdirdiyi siyasi xətlə layiqli şəkildə inkişaf edib, daha da güclənir.