Xəbərlər
Samuxda narkomaniya ilə bağlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı və Samux rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə ictimai nəzarətin zəruriliyindən bəhs edib. Bildirib ki, yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi zamanın tələbidir.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Samux Rayon Polis Şöbəsinin əməkdaşı Elvin Orucov vurğulayıblar ki, problemin həllinə xidmət edən mühüm addımlardan biri qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır.
Gənc partiya fəalları Əkbər Məmmədzadə və Elnarə Əliyeva da çıxışlarında narkomaniyaya düçar olmuş insanların doğru yola çəkilməsi üçün maarifləndirmə işlərinin aparılmasının zəruriliyindən bəhs ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.