Xəbərlər
15 iyun-Şanlı Zəfərə gedən yolun başlanğıcı
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri
Ötən əsrin 90-ci illərinin əvvəlində Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşmaq imkanı yarandı. Lakin hakimiyyət uğrunda gedən çəkişmələr, ölkədə mövcud olan siyasi hərc-mərclik, xaricdən təhdidlər və təcavüzkar erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal olunması, nəinki yenicə qazanılan dövlət müstəqilliyini, hətta Azərbaycanı bir dövlət kimi yox olması təhlükəsi ilə üz-üzə qoymuşdu.
Son anda Azərbaycan xalqı müdriklik nümayiş etdirərək üzünü öz xilaskarına - Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli Lider xalqın bu çağrışına biganə qalmadı. Yenidən respublika rəhbərliyinə qayıdaraq: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyə, bəyan etdi.
1990-1993-cü illər xalqımızın yaddaşına hərc-mərclik dövrü, ağrılı, acılı günlər kimi yazıldı. Heç bir idarəçilik bacarığı olmayan o vaxtki hakimiyyət ölkəni dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Uğursuz Qarabağ müharibəsi, hakimiyyət uğrunda mübarizə və ölkədəki siyasi hərc-mərclik Azərbaycanı qanlı burulğanın içərisinə salmışdı. Azərbaycan adlı dövlət xəritədən silinmək üzrə idi. Belə bir ağır şəraitdə, “olum-ölüm” savaşında Ulu Öndər Heydər Əliyev Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə başladı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaratmaqla, ölkəmizi ağır böhrandan, vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. Beləliklə, 15 iyun 1993-cü il Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındaki xidmətləri saysız-hesabsızdır. Ümummilli Liderin 1993-2003-cü illərdə Azərbaycanda gördüyü işlər rəhbərliyinin birinci dövründəki işlərinin davamı kimi qiymətləndirilir. Ulu Öndər Azərbaycanı daim tərəqqi və inkişaf yolu il apardı və xalqın rifahının durmadan yüksəlməsini təmin etdi. Müstəqil yürüdülən siyasətlə, ölkəmizə qazandırılan uğur və nailiyyətlərlə xalqın istəklərini gerçəkləşdirdi.
Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin birinci və ikinci dönəmlərində Azərbaycana böyük nailiyyətlər qazandırıb. İlk növbədə Azərbaycanın sosial-iqtisadi sahəsinə diqqət yetirən Ulu Öndər ölkənin sosial-iqtisadi inkişafına neft sektorundan başladı. Bu, Ulu Öndərin yeni yaratdığı neft strategiyası idi. O, bu strategiyanı həqiqətə çevirdi. Ulu Öndər Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin çəkilişini reallığa çevirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə 1994-cü ilin sentyabrında Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında “Əsrin müqaviləsi” nin imzalanması, 1995-ci ilin noyabrında ilk Konstitusiyasının qəbul edilməsi, 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi, ölkədə aqrar islahatların aparılması, 2001 ci ilin yanvarında Müstəqil respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi Müstəqil Azərbaycanın tarixində olduqca böyük əhəmiyyətə malik hadisələrdəndir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı və öz doğma xalqını uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə bu günlərə çatdırdı.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız yeni-yeni uğurlar qazanmış, sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfərimiz isə mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və yüksək peşəkarlıqla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Tam əminliklə söyləmək olar ki, günü-gündən inkişafda olan, yüksək zirvələri fəth etmiş bugünkü müasir, müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.