Xəbərlər
Şəhid Emin Əmrahovun doğum günündə xatirəsi anılıb
Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Əmrahov Emin Əvəz oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, partiya üzvləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Emin Əmrahovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Eminlə eyni qəbiristanlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları şəhid Emin Əmrahovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Emin Əmrahov 2020-ci il oktyabr ayının 27-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.