YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi

“Əbəs yerə deyilmir ki,  tarix, zaman ən ədalətli  hakimdir.  Eyni zamanda, o da təkzibolunmaz faktdır ki, tarix heç nəyi silmir. Bütün bunların fonunda bugünümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili hər zaman bir zərurət kimi qarşıda dayanır. Əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk  böyük addımı atmışdısa, XX əsrin sonlarında milli azadlığına, dövlət müstəqilliyinə tam nail olmuşdur. Tarixi nailiyyətimiz olan  bu müstəqilliyin daimi, sarsılmaz olması üçün hansı çətinliklərin yaşandığı unudulmamalı, keçilən yolun mərhələləri indiki və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi ilk illər tariximizə xaos, anarxiya, özbaşınalıq, bir sözlə, qara səhifə kimi yazılıb. O illərdə “Olum, ya ölüm!” dilemması qarşısında qalan Azərbaycanı bu gün qalib ölkə kimi görürüksə, bu, böyük səylərin, qətiyyətin, dövlətini, xalqını sevən və daim onun gələcəyi barədə düşünən Liderin yaratdığı möhkəm təməlin,  dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf yolunun nəticəsidir. 1992-ci ildə hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından ölkəmizin yaşadığı müsibətlər bu gün tariximizin faciəli səhifələrindən biri kimi vərəqlənir.

1993-cü ilin Gəncə hadisələri məhz AXC-Müsavat hakimiyyətinin pozucu fəaliyyətinin, xalqa xəyanət yolunu tutmasının   məntiqi nəticəsi idi. Yenə də tarixə müraciət etsək hər bir hadisənin baş verməsini şərtləndirən amillərin mövcudluğunu görərik. Ölkəmizdə hakimiyyət böhranı, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi məhz bu cür xəyanətkar insanların antimilli fəaliyyətləri nəticəsində dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk günlərdən başlayaraq   yaşanırdı.  Bu baxımdan ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra ictimai-siyasi sabitliyin yaradılması, davamlı iqtisadi inkişafın təmin edilməsi, demokratik islahatların  həyata keçirilməsi və dövlət quruculuğu istiqamətində heç bir əməli  addım atılmadı. Normal idarəetmə sisteminin yaradılmaması siyasi qütbləşmənin dərinləşməsinə, iqtisadiyyatın tənəzzülünə, əhalinin sosial vəziyyətinin hədsiz dərəcədə ağırlaşmasına səbəb olmuşdu.  1992-ci ildə hakimiyyəti silah gücünə mənimsəyən AXC-Müsavat cütlüyü  bu çətinliklərin aradan qaldırılması istiqamətində  heç bir tədbir görmədi,  idarəetmə sahəsində ciddi səhvlər sonrakı  proseslərin daha da dərinləşməsini  şərtləndirdi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hadisələri düzgün qiymətləndirmək qabiliyyətində olmayan o vaxtkı iqtidar baş verən proseslərdən  nəticə çıxara bilməmiş, əksinə, şəxsi ambisiyalarının quluna çevrilərək ölkəni uçurumun astanasına gətirmişdi: “Ərazilərimizin mənfur düşmən tərəfindən  hissə - hissə işğal olunması, Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların siyasi maraqlarının müdafiəçisinə çevrilməsi  insanların səbir kasasını doldurmuşdu. Xalqın hakimiyyətə olan nifrəti  1993-cü ilin iyununda son  həddə çatmışdı. Mövcud  şərait AXC-Müsavat hakimiyyətində birincilik uğrunda gedən mübarizəni daha da kəskinləşdirmişdi. Həmin dövrün  iqtidarının  “qəhrəman” obrazında təqdim etdiyi  Surət Hüseynovla münasibətlərində  yaranan ziddiyyət  Azərbaycanı sürətlə vətəndaş müharibəsinə sürükləyirdi.  Bir sözlə, ölkədə  cərəyan edən mənfi proseslər  gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoymuşdu.”

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, həmin dövrdə istər zor gücünə  hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdilər ki, hadisələr belə davam  edə bilməz: “Ölkə “Olum, ya ölüm” dilemması qarşısında qaldığı belə bir məqamda xalq ayağa qalxaraq özünün  xilaskarına- ulu öndər Heydər Əliyevə üz tutdu. Ulu öndər  Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə  xalqın sadəcə vəziyyətdən çıxış yolu axtarması deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin var olması, ilk kövrək addımlarını atan  müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Məhz xalqın təkidli  tələbləri qarşısında aciz duruma düşən Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli lider Heydər Əliyev  xalqın təkidli tələbi  ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sonsuz sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Qeyd etdiyimiz kimi, həmin vaxt  Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü.  Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti sessiyasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya  belə bir  mühüm məqam ilə də  yadda qaldı ki, ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Əgər Ümummilli Lider o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ən yaxşı halda ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Bu gün Azərbaycan adlı bir dövlətin dünyanın siyasi xəritəsində mövcudluğundan  söhbət gedə bilməzdi. Bu baxımdan  1993-cü il əslində müstəqilliyimizin yenidən bərpasının ilk ili oldu.”  

Vüqar Rəhimzadə vurğulayıb ki, ulu öndər  Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla  yerinə yetirdi: “Qayıdışdan başlanan yol bugünkü uğurlara gətirib çıxardı.  Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri  özü qədər inandığı cənab İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Rəşadətli  ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycana tarixi Zəfəri yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqləyən qalib Prezidentimiz İlham Əliyev bu gün ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti bir daha  tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqində müstəqilliyimizin ilk illərində yaşananlarla, ən əsası həmin dövrün iqtidarının xəyanətkar əməlləri ilə bağlı fikirlərinə və qarşıya qoyduğu vəzifələrə yönəldib: “ AXC-Müsavat cütlüyünün yalnız öz maraqlarını güddüyünü qeyd edən ölkə Prezidenti həmin dövrün reallıqlarını bu suallarla xarakterizə etdi- “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi?  Kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri?” Dövlət başçısı bu çağırışı etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Bugünkü xoşbəxt həyatımız üçün biz kimə borcluyuq.”

DİGƏR Xəbərlər Arxiv