Xəbərlər
Ağdaşda “Milli Qurtuluşdan başlayan Zəfər yolu” mövzusunda görüş keçirilib
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “Milli Qurtuluşdan başlayan Zəfər yolu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov müstəqil Azərbaycan dövlətinin Milli Qurtuluşdan Zəfərə qədər keçdiyi yola nəzər salıb, Ulu Öndərin ölkəmiz və xalqımız naminə görmüş olduğu misilsiz işlərdən bəhs edib. Bildirib ki, xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan Heydər Əliyev qısa zaman ərzində ölkədə daxili sabitliyi təmin etdi, Azərbaycanın inkişaf yolunun təməlini qoydu. Vurğulayıb ki, Azərbaycanın bu gün qazanmış olduğu möhtəşəm Zəfərə gedən yol 15 iyun 1993-cü il tarixindən başlayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov müstəqilliyin ilk illərində - AXC-Müsavat hakimiyyəti dövründə üzləşdiyi problemlərdən söhbət açıb. Onun sözlərinə görə, yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqının təkidli tələbilə Ulu Öndərin Bakıya qayıdışı ilə Azərbaycanda həyat öz axarına qayıtdı və ölkəmiz öz tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən Prezident, YAP sədri İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü təmin etdi və Azərbaycanı qalib ölkəyə çevirdi.
Görüşdə çıxış edən partiya fəalları Azad Gözəlov, Turanə Şıxəliyeva, Arzu Musayeva və Aysu Əzimova bildiriblər ki, Ulu Öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.