Xəbərlər
YAP Nəsimi rayon təşkilatı Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə tədbir keçirib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb etdi. Xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, xalqını sonsuz məhəbbətlə sevən ümummilli lider Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən A.Əsgərov əminliklə vurğulayıb ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth edəcək.
YAP Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanovun sözlərinə görə, XX əsrin sonlarında, xüsusilə SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyimizin ilk illərində xalqımızın başına açılan müsibətlərin səbəbi məhz milli rəhbərin olmaması idi. Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli Lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev də çıxışında vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində ictimai-siyasi sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Daha sonra məşhur “91-lər”dən biri Hacan Hacıyev Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunmuş nailiyyətlərdən söhbət açıb.
Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup şəxsə diplomlar təqdim edilib.