YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq!

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

28 May təqvimi Azərbaycan xalqının tarixinin şanlı səhifələrindən biridir. Belə ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti milli tariximizdə müstəsna yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Təəssüf ki, o dövrdə dünyada baş verən mürəkkəb proseslərin nəticəsi olaraq  Cümhuriyyət süqut etdi. Amma XX əsrin sonlarında Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin əbədi və dönməzliyini təmin etdi, onun sarsılmaz təməllərini yaratdı. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz ilk demokratik respublikanın yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü kimi elan etmişik və bu, bizim milli bayramımızdır. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Eyni zamanda, cümhuriyyətin quruculularının adları əbədiləşdirildi. Qeyd etmək lazımdır ki, indiyə qədər 28 may bayramı Respublika Günü kimi qeyd olunurdu. Amma ötən ilin payızında Milli Məclis müvafiq qanun qəbul etməklə obyektiv səbəblərə əsaslanaraq 28 may bayramı Müstəqillik Günü kimi təsbit olundu. 28 may  tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.

Bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə qürur duyur. Artıq ikinci ildir ki, bu dövlət bayramını qalib xalq kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanı  bütün dünyaya güclü, qüdrətli dövlət kimi bir daha tanıtdı. Hazırda isə qarşımızda yeni, mühüm vəzifələr dayanır. İlk növbədə, işğaldan azad edilmiş ərazilərimzin bərpa edilməsi, insanların öz doğma yurdlarına qaytarılması dövlət siyasətinin prioritetidir. Şübhəsiz ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız qarşıda dayanan vəzifələri bundan sonra da layiqincə, şərəflə  yerinə yetirəcək. Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq!

DİGƏR Xəbərlər Arxiv