YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Azərbaycan qədər iqtisadi əməkdaşlıqda maraqlıdır

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan-Litva biznes forumunda çıxışı bir daha Azərbaycanın iqtisadi və siyasi sahədə qazandığı uğurlara işıq saldı. Qeyd edildi ki,  Avropa dövlətləri ilə sıx əlaqələrin qurulmasında nəinki Azərbaycan, eyni zamanda, qarşı tərəf də bir o qədər maraqlıdır.

Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.  Birgə hökumətlərarası komissiya hər iki ölkə arasında işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Gündəlikdə olan məsələlər arasında ticarətlə yanaşı, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələrinin olması kompleks tədbirlərin həyata keçirliməsindən xəbər verir.

Hazırda Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Məhz bu səbəbdən ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi. Sevindirici haldır ki, hal-hazırda  investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.

İqtisadiyyatın bütün sahələrinə artan maraq ölkəni investorlar üçün daha cəlbedici edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qarşıya əsas prioritet kimi qoyulub. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcək. Prezident cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisinin və 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını qeyd etdi. Bu, ölkənin inkişaf dinamikasının əsas göstəricilərindəndir. Cari ilin dörd ayının nəticələrinə nəzər saldıqda, ümumi olaraq iqtisadi vəziyyəti perspektivli qiymətləndirmək olar. Ölkənin iqtisadi gəlirləri 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda  artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir.

Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.

Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Bir sözlə, Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir.