YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropa ölkələri ilə strateji tərəfdaşlığında Litva ilə əməkdaşlıq mühüm rol oynayır

Həbib Misirov

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verib. Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Litva xüsusi əhəmiyyətə malikdir. Son günlər Litva Respublikasının Prezidenti Gitanas Nausedanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda həmin gün mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında bir sıra mühüm və vacib məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlətin əsas prioritetdir. Prezident cənab İlham Əliyev də bildirmişdir ki, hazırda iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin də sərmayələrinin şaxələndirilməsi çox vacibdir.
Bu gün ölkəmiz öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təminatında fəal iştirak edir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Litvanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır.

Bu gün Azərbaycanla Litva bir-birini hərtərəfli surətdə dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir.Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşdə bir daha ölkəmizin mövqeyini ifadə edərək bildirmişdir ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var.

Prezident İlham Əliyev indiki durumu şərh edən bəyanatında isə qeyd etmişdir ki, müharibənin başa çatmasından keçən dövr ərzində sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur.

Azərbaycan inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın gələcəkdə biz buna tam nail olacağıq. Dövlətimizin Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, dövlət başçısının imzaladığı Sərəncamlar bunun bariz nümunəsidir. Litva Prezidenti ilə görüşdə Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi.