Xəbərlər
Aqiyə Naxçıvanlı: Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə çox böyük dəstəkdir
“Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verir. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Baltikyanı respublikalarla, xüsusən Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib.” Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Litva Prezidentinin Azərbaycana səfərini şərh edən deputat qeyd edib ki, Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir. Xüsusən Baltikyanı ölkələrdən Litva Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Qeyd etmək lazımdır ki, Litva Baltikyanı dövlətlərdən biri kimi ümumilikdə Şərq Tərəfdaşlığı siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Ənənəvi olaraq Litva Ukrayna və Gürcüstana siyasi yaxınlığı ilə seçilir. Həmçinin Litva neft-qaz ölkəsi sayılan Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyac duyur.
Azərbaycana gəldikdə isə Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar.
Prezident cənab İlham Əliyev indiki durumu şərh edən bəyanatında bildirdi ki, “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.
Müharibənin başa çatmasından keçən dövr ərizndə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.
Təəssüf ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi artıq prosesin davamlı olmasına əngəl kimi qiymətləndirilməlidir”.
Deputat bildirib ki, “bütün əngəllərə baxmayaraq Azərbaycan inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın müddət ərzində biz buna tam nail olacağıq. Ölkə başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, imzaladığı Sərəncamlar bunun bariz nümunəsidir. Litva prezidenti ilə görüşdə cənab Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi”.
Deputat əlavə edib ki, “Litva Prezidentinin bu səfəri Litva ilə Azərbaycan arasında 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə, bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq etdi. Səfər zamanı həm ikitərəfli əməkdaşlıq - iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olunub. Litva ilə əlaqələrin dərinləşdirilməsi iki ölkə çərçivsindən daha geniş imkan və perspektivlərə malikdir. Belə ki, Azərbaycanla Litva arasındakı ikitərəfli əlaqələrin genişləndirilməsi, həm də bizim Avropa İttifaqı ilə əlaqələrimizin gücləndirilməsinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın Aİ ilə sıx əlaqələrə dair planlarının gerçəkləşməsinə yaxşı dəstəkdir”.