YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri ilə görüşüb

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Spiker bildirib ki, ali və yüksək səviyyəli səfərlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsinə möhkəm zəmin yaradıb. Azərbaycan və Özbəkistan dost, qardaş ölkələrdir. Xalqlarımızı birləşdirən ortaq mədəni, mənəvi dəyərlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Sahibə Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışaraq, hər iki ölkə deputatlarının beynəlxalq platformalarda səmərəli fəaliyyətini qeyd edib. Bildirib ki, deputatlarımız TÜRKPA, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi qurumların işində yaxından iştirak edirlər. Bu cür tədbirlər çərçivəsində keçirilən görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu söyləyib. O qeyd edib ki, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, Özbəkistan nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında da iştirak edəcək, konfransda müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən danışaraq vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı öz gücü ilə azad edərək böyük bir Zəfərə imza atdı. Sahibə Qafarova bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinin aparıldığını diqqətə çatdırıb.

Səmimi görüş üçün minnətdarlığını bildirən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov ölkəmizə səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, hər iki ölkənin müstəqillik əldə etdikdən sonra münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini diqqətə çatdırıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

Nurdinjon İsmoilov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini parlamentlərarası əlaqələrin inkişafı kontekstində müsbət dəyərləndirib. Qeyd edib ki, bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qonaq deputatlarımızın beynəlxalq qurumlarda birgə fəaliyyətinin, o cümlədən İƏT PA-da iştirakının əhəmiyyətindən danışıb. Bildirib ki, İƏT PA-nın Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında müzakirə olunacaq məsələlər quruma üzv dövlətləri düşündürən məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından önəmlidir.

Qonaq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri yüksək dəyərləndirib, Azərbaycandakı inkişafdan məmnunluğunu ifadə edib.

Görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Eldar İbrahimov, deputatlar Ağalar Vəliyev, Afət Həsənova, Aqiyə Naxçıvanlı, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Milli Məclisin Xatirə kitabına ürək sözlərini yazıb.