Xəbərlər
Xalqın qəlbində əbədilik qazanan Lider

Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri
Bu günlərdə Azərbaycanın bütün bölgələrində, rayon və şəhərlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 99-cu ildönümü böyük təntənə və coşqu ilə qeyd olunmaqdadır.
Tarixi proseslərin gedişinə həlledici təsir göstərə bilən şəxsiyyətlər olur. O, xalq xoşbəxtdir ki, taleyinin həlledici məqamlarında insanları ardınca aparacaq, hadisələrə güclü təsir göstərəcək övladı olur. Bu mənada Azərbaycan xalqını xoşbəxt hesab etmək mümkündür. XX əsrin 90-ci illərinin əvvəlində yenidən dövlət müstəqilliyinə qovuşmaq imkanı yarandı. Lakin əsrin əvvəlində baş verən hadisələrin – tarixin təkrarı: yenə də daxildəki çəkişmələr, hakimiyyət uğrunda aramsız mübarizə, xaricdən təhdidlər və ermənilər tərəfindən torpaqların işğalı eyni aqibətin yaşanacağına şübhə doğurmurdu. Artıq nəinki yenicə qazanılan dövlət müstəqilliyi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə, real təhlükə qarşısında idi. Son anda Azərbaycan xalqı müdrikliyini nümayiş etdirdi, üzünü sınanmış və sədaqətli oğlu Ümummilli liderimiz Heydər Əliyevə tutdu. Ulu Öndər xalqın bu çağırışına biganə qalmadı. Yenidən Respublika rəhbərliyinə qayıdaraq: ”Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyə bəyan etdi. Qısa müddətdə bir neçə istiqamətdə yorulmadan çalışaraq ölkəni məhv olmadan, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin talehinin yaşanmasından xilas etdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındaki xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, dövləti daim tərəqqi və inkişaf yolu ilə aparan, xalqın rifahının durmadan yüksəlməsini təmin edən siyasi kursun hazırlanmasıdır. Müstəqillik müddətində ölkədə qazanılan uğur və nailiyyətlər, xalqın istək və niyyətlərini gerçəkləşdirmə qabiliyyətini dönə - dönə təsdiq etmişdir.
Ümummilli lider Heydər Əliyev rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim öz xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, dünyada qüdrətli bir ölkə kimi təşəkkülü üçün Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb.
Biz bu gün fəxrlə qeyd edirik ki, müstəqil Azərbaycanın dünyada demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınması Ümummilli Liderimizın uğurlu siyasi kursunun davam etdirilməsinin nəticəsidir.
Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyin əsası məhz 70-80 –ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində daha da qudrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.
Ümummilli liderimiz 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər onun Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin ikinci dönəmində müstəqil Azərbaycanın dünyaya tanıdılmasında öz əvəzsiz rolunu oynadı.
Beləliklə, Azərbaycanda demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Qısa bir zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan ulu öndər Heydər Əliyev ölkəmizin davamlı, dinamik inkişafı istiqamətində də islahatlar həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” nin imzalanması, 1995-ci ilin noyabrında ilk Konstitusiyasının qəbul edilməsi, 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi, aqrar - islahatların aparılması, 2001-ci ilin yanvarında Müstəqil Respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin cəkilməsi, bərpa olunan qədim İpək Yolu Qərblə Şərqi, Şimalla Cənubu həm dəmiryolu xətti ilə, həm də avtomobil yolları ilə sıx birləşdirən layihələr həyata keçirildi.