YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyev Azərbaycan kimya sənayesinin kompleks və konseptual inkişafının əsasını qoyub

Əfsun Sucayev

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru

Bütün sahələrdə olduğu kimi respublikamızda təşəkkül tapmış kimya sənayesinin inkişafında və Azərbaycanın həm də neft kimya və kimya sənayesi ölkəsi kimi tanınmasında, bu günə gəlib çatmasında Ümummilli lider Heydər Əliyevin rolu və xidmətləri əvəzsiz olmuşdur. Bu haqda eşitdiklərim, oxuduqlarımı ümumilədirərək, gəldiyim nəticələri, formalaşdırdığım təsəvvürləri, yürütdüyüm mülahizələri bir neçə məqam şəklində aşağıdakı kimi qeyd edə bilərəm.

Toxunmaq istədiyim məqamlardan birincisi Ümummilli Liderin sovet dövründə ilk dəfə respublika rəhbərliyinə gələnə qədər Azərbaycanda kimya sənaye müəssisələrinin yaradılmasında SSRİ rəhbərliyi tərəfindən ittifaq respublikaları arasında məqsədli şəkildə yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması vasitəsi ilə bu sahənin kompleks və konseptual inkişafına nail olması ilə bağlıdır.

Ö dövrdə hələ dünyaya gəlməsəm də yaşanan həmin hadisələrin canlı şahidləri olmuş tanınmış kimyaçı alimlərimizdən eşitdiyimə görə, kimyalaşma devizi altında bütün ittifaq respublikalarında kimya müəssisələri tikilib istifadəyə verilirdi. Ancaq SSRİ rəhbərliyinin Azərbaycanla digər respublikalar arasında fərqli, belə demək mümkünsə ögey münasibət bəslədiyi məlum olur. O zaman kimya müəssisələrinin istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində respublikanın kimya sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının tamamilə ziddinə olurdu. Fikrimə konkret nümunələr əsasında aydınlıq gətirməli olsam, deyə bilərəm ki, məsələn, o vaxt tamamilə yarasız texnologiyalar əsasında ölkəmizdə sulfat turşusu, natrium qələvisi, xüsusilə superfosfat gübrələrinin istehsal gücü yüksək templərlə artırılırdı. Halbuki çox zərərli olan sulfat turşusunun istehsal həcminin həmin dövrdə 2-3 dəfə artırılması ölkəmizin ekoloji mühitini korlayaraq, o ərazilərdə yaşayan insanların sağlamlığına ciddi təhlükə yaradırdı və ittifaq rəhbərliyi tərəfindən belə qərarların qəbul edilməsi təsadüfi sayıla bilməzdi.

Xammalı Rusiyadan və keçmiş SSRİ-nin digər regionlarından gətirilərək, hazır məhsulu da elə Rusiyaya daşınan bir sıra kimya müəssisələrinin Sumqayıtda yerləşdirilməsi də şəhərin onsuz da ağır olan ekologiyasına son dərəcə mənfi təsir göstərirdi. Respublika rəhbəri Heydər Əliyev bununla qətiyyən barışa bilmirdi ki, keçmiş ittifaq nazirlikləri çox vaxt gənclər şəhəri adlandırdığımız Sumqayıtın kimya kompleksini məqsədli şəkildə açıq-aşkar təcrübə meydançasına çevirir, hər yeni texnoloji prosessınaqdan keçirilir və yalnız lazımi yüksək nəticə əldə edildikdən sonra həmin əsas istehsal sahələri digər regionlarda tikilib istifadəyə verilirdi. Bu cür fərqli münasibət ekoloji və insan sağlamlığı problemi ilə yanaşı həm də Azərbaycanın kimya sənayesi müəssisələrində iqtisadi səmərəliliyin aşağı düşməsinə, rentabelliyin azalmasına səbəb olurdu.

Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı. Məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu. 1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə kimya sənayesinin inkişaf konsepsiyasının əsasını qoydu. Onun keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsipiallığı, işə gündəlik nəzarəti, eyni zamanda köməyi, xüsusən də obyektlərin müəyyənləşdirilmiş vaxtda tikilib istifadəyə verilməsi üçün yüksək tələbkarlığı sayəsində neft emalı və kimya müəssisələrinin yenidən qurulması dövrün reallığına çevrildi.

Ümummilli lider Heydər Əliyevin ölkəmizin kimya müəssisələrində iqtisadi cəhətdən daha səmərəli yeni istiqamətlərinn yaradılmasında, mövcud faydalı istehsal sahələrinin genişləndirilməsində və modernləşdirilməsində xidmətləri çox böyük oldu. O öz sələflərindən fərqli olaraq hakimiyyətdə olduğu illərdə kimya sənayesinin kortəbii yox, məqsədyönlü və kompleks inkişafına müsbət təsir göstərən mühüm tədbirləri ardıcıllıqla həyata keçirirdi.

Heydər Əliyev ittifaq rəhbərliyindən təkidlə Azərbaycanın kimya və neft-kimya strukturlarının təkmilləşdirilməsini, mənəvi və fiziki baxımdan köhnəlmiş, aşınmış istehsalat sahələrinin ləğv edilib, əvəzində müasir, iritonnajlı, tullantısız texnologiyaya malik müəssisələrin yaradılmasını, eyni zamanda, texniki və təbiəti mühafizə obyektlərinin tikintisini həyata keçirməyə imkan verən həlledici qərarların qəbulunu tələb edirdi. Ulu öndər müəllifi olduğu konsepsiyanın, kimyanın yüksəliş proqramının tam həyata keçirilməsi üçün məhz özünün şəxsi təklifi və təkidi ilə o zaman keçmiş ümumittifaq fondundan böyük həcmdə kapital qoyuluşu ayrılmasına nail olmuşdu.

Məhz Heydər Əliyevin uzaqgörən rəhbərliyi və yüksək təşkilatçılığı sayəsində 70-ci illərdə Sumqayıtın kimya sənayesi müəssisələrində müxtəlif istehsal sahələrinin yenidən qurulmasının və yeni texnoloji istehsal sahələrinin yaradılmasından sonra ekoloji mühüt üçün fəsad yaratmayan mineral gübrələrin, plastik kütlələrin, sintetik qətranın, kauçuk və sulfanolun, eləcə də məişət kimyası mallarının istehsal həcmi isə 2 dəfədən çox artmışdı.

Bu məqsədyönlü, Azərbaycan maraqlarına xidmət edən ümummilli siyasət onun respublikamızın müstəqillik illərindəki rəhbərlik dövründə də davam etdirildi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan hakimiyyətinə yenidən qayıtdıqdan sonra ölkədə kimya sənayesinin inkişaf etdirilməsi üçün bütün lazımi tədbirləri görmüş, onun tənəzzülə uğramasının qarşısını almışdı.

Dahi liderin şah əsəri olan “Əsrin müqaviləsi” 1994-cü ildə imzalandıqdan sonra Azərbaycanın kimya və neft-kimya kompleksinin daha sürətli inkişafı  müasir tələblərə uyğun səviyyədə quruldu. O zaman kimyaçıların tez-tez üzləşdiyi problem elektrik enerjisi ilə bağlı idi. Bu probleminin birdəfəlik aradan qaldırılması məqsədilə Heydər Əliyev ən müasir və yüksək məhsuldarlıqlı texnologiyalar istehsalçısı olan Yaponiyaya 1998-ci ildə tarixi səfər etdi. Orda əldə olunmuş razılığa əsasən artıq bir il sonra Sumqayıtda etibarlı enerji mənbəyi olan buxar-generator kompleksinin özülü qoyuldu və 2001-ci ildə başa çatdırıldı.

Ölməz şəxsiyyətini kimya sənayesinin inkişafındakı xidmətlərindən danışarkən toxunmaq istədiyim digər bir məqam bu sahədə yüksək ixtisaslı kadr hazırlığına diqqətin yönəldilməsi ilə bağlıdır.

Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft, qaz, kimya sənayesi ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini yüksəkixtisaslı milli kadrlar olmadan inkişaf etdirmək və bütövlükdə güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil.

Digər tərəfdən bu gün danışıq leksikonumuzda tez-tez istifadə etdiyimiz elmlə istehsalatın vəhdətini Ümumimilli lider hələ sovet dövründə reallaşdırmışdı. Onun tövsiyələrinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) neft-kimya təmayüllü elmi tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Hazırda təmsil etdiyim AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən yaradılmış o illərdə müxtəlif növ aşqarların və sürtkü yağlarının alınması texnologiyası keçmiş SSRİ-nin müxtəlif regionlarına tətbiq edilmişdir. Təsəvvür edin, Ulu Öndərin rəhbərliyi dövründə SSRİ-də istehsal olunan aşqarların və motor yağlarının həcminin 20%-ni Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən yaradılmış aşqarlar və sürtkü yağları təşkil edib.

Tarixi şəxsiyyət Heydər Əliyevin dahiliklə həm qeyd olunan sənaye sahələrini, həm də onlara uyğun olan elm sahələrinin paralel və bir-birilə əlaqəli inkişafını təmin edən “ən optimal inkişaf konsepsiyasını” yaratması xüsusi vurğulanmalı məqamlarından digəridir. Əlbəttə kimya sənayesinin inkişafı yeni elmi tədqiqatlar tələb edirdi və eyni zamanda bu tədqiqatları stimullaşdırırdı. Belə bir konsepsiya elmi nəticələrin istehsalata tətbiqinə şərait yaradıb. Çox keçmədən elmə yatırılan vəsaitlər tətbiq sahəsində daha çox büdcə vəsaitinin yaranmasını təmin edib.

SSRİ dövründə iqtisadiyyatın inkişafında rol oynayan elmi-tədqiqat işlərinin mühüm nəticələri hansı respublikada yerinə yetirilməsindən asılı olmayaraq, SSRİ Nazirlər Sovetinin tətbiq planına salınardı. Lakin bu işlərin seçimi zamanı, sağlam rəqabət olmadığından yenə də üstünlük Rusiyanın elmi mərkəzlərində yerinə yetirilmiş işlərə verilərdi. Ulu öndər Sov. İKP Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda AMEA-nın Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarında yaradılmış bir neçə prosesi SSRİ Nazirlər Sovetinin tətbiq planına salınmasına nail olub.

Sevindirici hal ondan ibarətdir ki, Ümummilli liderin min bir əziyyətlə qurub yaratdığı kimya sənayesi yeni mərhələdə, yeni reallıqlar konteksində inkişaf etməkdədir. Dövlət başçısı cənab İlham Əliyev hər bir sahədə olduğu kimi bu istiqamətdəd qabaqcıl texnologiyalara və yüksək ixtisaslı kadrlara malik yüksək texnologiyalar parkı, sənaye məhələləri, kimya sənaye komplekslərinin inkişaf etdirilməsində Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini müasir mərhələdə yeni yanaşmalar əsasında ardıcıl davam etdirir.

Bu gün Ümummilli liderin anadan olmasından 99 il tamam olur. Artıq ikinci ildir, onun istər mövlud gününü, istərsə də anım gününü qürurlu millətin qürurlu vətəndaşları kimi daha çoşqu, sevincli və xoşbəxt hisslərlə qeyd edirik. Çünki ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnən 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun “Dəmir Yumruğ”u əldə etdiyimiz parlaq qələbə bir növ "sındırılmış qürurumuzu" özümüzə qaytarmaqla, həm də bizi məğlub ölkədən qalib ölkənin alimi olmaq səviyyəsinə yüksəldib, tamamilə yeni reallıqlar yaradıb. Bu yeni reallıqlar elm məbədimiz olan AMEA-da və o cümlədən kimya profilli tədqiqat institutlarında çalışan alimlər qarşısında işğaldan azad olunmuş rayonların imkanlarına təbii relyefinə uyğun kimya sənayesinin inkişafı ilə bağlı işlərdə yaxından iştirak etmək, eyni zamanda bu istiqamətdə beynəlxalq səviyyəli elmi tədqiqatlarımızı davam etdirməliyik.