Xəbərlər
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən intellektual oyun üzrə rayon birinciliyi keçirilib. Qax rayon Heydər Əliyev Mərkəzində təşkil edilən yarışda rayonun müxtəlif idarə və təşkilatlarını təmsil edən gənclərdən ibarət 8 komanda mübarizə aparıb.
İntellektual oyunun rəsmi açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, ümummilli lider Heydər Əliyevin zəngin irsini, Azərbaycanın milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Yekun nəticələrə əsasən, rayon Təhsil şöbəsinin komandası intellektual oyunun qalibi adını qazanıb. Sonrakı yerləri səhiyyə və mədəniyyət işçilərinin təmsil olunduqları komandalar tutublar.
İntellektual oyunda ilk üç yeri tutan komandalara kubok və diplomlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.