Xəbərlər
Zəngəzur dəhlizininin açılması regional əhəmiyyətə malikdir

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Zəngəzur dəhlizinin açılması Azərbaycan dövlətinin həyata keçirəcəyi ən vacib məsələlərindəndir. Həm ölkə ictimaiyyəti, həmdə region ölkələri, eləcə də dünya dövlətləri bu məsələni maraqla izləyir. Azərbaycanla onun bir parçası olan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsləsi Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin 10 noyabr 2020-ci il tarixdə imzalanmış bəyanatda öz əksini tapmışdır. Hazırda Azərbaycan tərəfindən bu dəhlizin açılması istiqamətində ciddi işlər aparılır.
Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, bərpa olunmuş Zəngilan rayonunun “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqlarda quruculu, bərpa işləri apararaq insanları oraya qaytaracağıq. İnsanların orada normal yaşaması üçün hər bir şərait yaradacağıq. Hər kəs görəcək ki, işlərimiz planlı şəkildə aparılaraq insanların təhlükəsiz, rahat yaşayışını təmin edəcəyik.
Hazırda Zəngilan rayonunda mühüm əhəmiyyət kəsb edən böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu il Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi gözlənilir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Zəngilan rayonu elə bir zonada yerləşir ki, oradan beynəlxalq bazarlara çıxışın yaxın olması və sair amillər bunu təmin edir.
Zəngilan rayonunda aparılan işlərlə paralel olaraq Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır. Zəngəzur dəhlizi bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına müsbət təsir göstərərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaradacaqdır. Bununla da bölgədə ticarət artacaq və əhalinin yaşayış səviyyəsində ciddi irəliləyişlər müşahidə olunacaqdır. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir.
Prezident İlham Əliyev əminliklə qeyd edib ki, “Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq... Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq”.
Bir sözlə, deyə bilərik ki, Zəngilan Azərbaycanın ən müasir və böyük əhəmiyyətə malik olan bölgəsinə çevriləcək.