Xəbərlər
Prezident İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb.
Burada, həmçinin Cənubi Koreya şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. İstismara verildikdən sonra fabrikdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Qeyd olundu ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradacaq. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.