Xəbərlər
Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud vəziyyəti müzakirə ediblər.
Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.
Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiya Federasiyasının qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.