Xəbərlər
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirildi.
Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit, gəmiqayırma, limanlararası əlaqələr sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Bakıda Həştərxan İş Mərkəzinin, Həştərxanda isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Azərbaycan İş Mərkəzinin fəaliyyət göstərməsinin önəmi qeyd olundu.
Görüşdə humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunuldu, Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi mühüm layihələr məmnunluqla xatırlandı. Həştərxanda 10 ildən çoxdur ki, fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin humanitar sahədə əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulandı.
Söhbət zamanı İqor Babuşkinin səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.