YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi tarixi bir hadisədir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Xaricdə yaşayan həmvətənlərimiz davamlı inkişaf edən bir dövlətin himayəsində olduqlarına inanırlar.

Dünya azərbaycanlılarının V qurultayının düşməndən azad edilmiş Qarabağda - Şuşada keçirilməsi tarixi bir hadisədir. Cəmi iki il bundan əvvəl belə bir xoşbəxtliyin baş verəcəyini təsəvvür etmək çətin idi. Ancaq Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli ordumuzun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində Qarabağla bağlı arzularımız reallığa çevrildi.

Şuşada keçirilən Zəfər qurultayını son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü hesab etmək olar. Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimiz davamlı inkişaf edən bir dövlətin himayəsində olduqlarına inanırlar. 44 günlük Vətən müharibəsində Qarabağın işğalçılardan azad olunması bu inamı daha da möhkəmləndirmişdir.

Dövlət başçısı İlham Əliyev Zəfər qurultayında bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirdi.

Ümumilikdə, dövlət başçısının Zəfər qurultaydakı çıxışını Azərbaycan diasporunun uzunmüddətli dövr üçün fəaliyyət proqramı kimi dəyərləndirmək lazımdır. Prezident İlham Əliyev çıxışında ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqini, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirakını, habelə qanunverici və icra orqanlarında təmsilçiliyini, azərbaycançılıq məfkurəsini, ana dilini, tariximizi, mədəniyyətimizi, adətlərimizi dərindən mənimsəmələrini, diaspor təşkilatlarımız arasında sağlam rəqabət və əməkdaşlıq mühitinin möhkəmləndirilməsini, ziddiyyətli məqamların tamamilə aradan qaldırılmasını prioritet məsələlər kimi önə çəkmişdir.

Şuşada keçirilən V qurultay bir daha göstərdi ki, ürəyi Vətənlə döyünən soydaşlarımızın sevincinin həddi-hüdudu yoxdur. Onlar yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə azərbaycanlı olmaqları ilə fəxr edir, qürur duyurlar. Dünya azərbaycanlarının qürur duyduqları bir məsələ də odur ki, 30 il ərzində ən nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri münaqişəni Azərbaycan öz gücü ilə 44 gün ərzində həll etdi. Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar doğma Azərbaycanla, onun lideri, müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, “Bizim gücümüz birliyimizdədir!”.