YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki dost və qardaş ölkə arasında münasibətlər daha da inkişaf etdiriləcək

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.
Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu. Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Qırğızıstan müstəqillik dövründə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqlı mübarizəmizdə bizə dəstək verən ölkələrdən biri olub. İndi də həm beynəlxalq, həm regional təşkilatlarda Azərbaycan və Qırğızıstanın bu qarşılıqlı dəstək platforması davam etdirilir və etdiriləcəkdir.

Mühüm nəqliyyat yollarının kəsişdiyi Azərbaycan qardaş ölkə iqtisadiyyatının inkişafı üçün geniş imkanlara malikdir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Bu imkanların Qırğızıstan üçün açıq olması, logistika imkanlarından səmərəli istifadəyə imkan verəcək, qarşılıqlı əlaqələrin inkişafı üçün perspektivlər açacaqdır.
İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.
Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib.

Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək.