YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Bu gün Azərbaycanda cənab İlham Əliyevin gərgin əməyi və yorulmaz fəaliyyəti ölkə iqtisadiyyatının dinamik inkişafı üçün böyük imkanlar yaradır. 

Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən də nəqliyyatın inkişafı üçün kifayət qədər münbit şərait var. "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. 

Hazırda Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır.  

Vətən müharibəsindəki Qələbədən sonra bugünki dövr üçün aktuallaşmış Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevrilməsi Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtədir. Artıq Zəngəzur dəhlizinin aktuallaşması üzrə fəal işlər aparılır, nəqliyyat-kommunikasiya layihələri nəzərdən keçirilir. 

Eyni zmanada əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıtmış, coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilmişdir.  

Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. 

Məhz bu baxımdan bölgəmizə maraq getdikcə artmaqdadır. Aprel ayının 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir. 

Bildiyimiz kimi, Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

İki ölkə arasındakı münasibətlər fonunda daim Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyiblər. 

Bu gün Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları artıq Qırğızıstan üçün də açıqdır. Bu baxımdan iki ölkə arasında nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir.

Eyni zamanda Sadır Japarovun ölkəyə məlum rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb ki, onların sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Bu da strateji tərəfdaşlığın qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

İki ölkə rəhbərinin təkbətək görüşü zamanı ölkə başçısı İlham Əliyev gələn il Qırğızstan Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirərək bunu tarixi hadisə adlandırdığını, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını, eyni zamanda, bu tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini diqqətə çatdırdı.

Qırğızstan Prezidenti Sadır Japarov da öz növbəsində bu kimi əlverişli şəraitdən istifadə etməyə və ölkələrimiz arasında qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı bundan sonra da genişləndirməyə borclu olduğunu diqqətə çatdıraraq, bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləri olduğunu vurğulamışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin gerçəkləşməsi və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq və bununla da Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat logistikası yaratmış olacaq.