Xəbərlər
Azərbaycan dilinin inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır
Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri
Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi və doğma dilimizin nüfuzunu qaldırmaq, ona işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək bir statusa sahib olmasını təmin etmək istiqamətində hakimiyyətə gəldiyi ilk günlərdən məqsədyönlü şəkildə fədakarlıqla çalışmağa başladı. Belə ki, ilk dəfə 1970-ci ildə Heydər Əliyevin o zamankı Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibətilə keçirilmiş geniş partiya konfransında doğma ana dilində məruzə etməsi insanların böyük heyrətinə səbəb oldu. Çünki əvvəlki respublika rəhbərləri adətən rus dilində məruzə etsələr də Heydər Əliyev yalnız doğma ana dilində çıxış etməyə üstünlük verirdi. Hətta ulu öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilində, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”.
Bu gun Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası isə ən cətin bir vaxtda-“vahid dil” siyasətinin daha geniş şəkildə təbliğ edildiyi, milli dillərin sıxışdırıldığı bir vaxtda qoyuldu. Halbuki belə çətin bir vaxtda ana dili məsələsi ilə məşğul olmaq olduqca qorxulu idi. Ona görə qorxulu idi ki, dil məsələsini qabardanlar, bu barədə fikir söyləyənlər Sibirə sürgün edilirdi. Bu cür təzyiq və təqiblərə baxmayaraq, Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə ifadə edə bildi. Hətta ulu öndərin bu cəsarətli addımı nəticəsində 1978-ci il konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi qəbul edildi.
1978-ci il aprel ayında IX çağırış Azərbaycan SSR ALİ Sovetinin Azərbaycan Sovet Sosialist respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyaya vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dili Azərbaycan dilidir”.
Heydər Əliyev bilirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.
2003-cü il yanvarın 2-də isə ulu öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Öz doğma ana dilini sevən lider deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda ana dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktorlardan biri kimi çıxış etməsini şərtləndirib. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Dilimizi hamılıqla qorumalıyıq. Bəziləri çalışırlar ki, əcnəbi dillərdə danışmaqla öz üstünlüklərini nümayiş etdirirlər. Çox dil bilmək böyük bacarıqdır. Ana dilini mükəmməl bilmək hər birimizin müqəddəs borcumuzdur.