YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Qarabağın tacı Şuşa dünya azərbaycanlılarını birləşdirən məkana çevrilir

“Dünyanın diqqəti Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəlib. İşğaldan azad edildiyi gündən diqqət və qayğı ilə əhatə olunan, qədimliyini qoruyaraq müasir dövrün tələbləri səviyyəsində bərpa edilən Şuşa davamlı olaraq qonaqlarını qarşılayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarının qarşısında qalib Prezident kimi çıxış edəcək, tarixi Zəfərimizin yaratdığı qürur hissindən, Qələbəmizdə birliyimizin, həmrəyliyimizin rolundan bəhs edəcək, tarixə Zəfər qurultayı kimi yazılacaq Dünya Azərbaycanlılarının V qurultayında fərqli hədəflərdən, planlardan danışacaq. Şanlı Qələbəmizdə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin rolu inkaredilməzdir. Bir faktı qeyd etmək kifayətdir ki, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmiş, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmiş, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdir. Xüsusilə ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Avropa ölkələrinin paytaxt şəhərlərində diaspor təşkilatlarının nümayəndələri və soydaşlarımız keçirilən yürüşlərdə xüsusi fədakarlıq nümayiş etdiriblər. Bütün bunlar diasporumuzun vahid milli ideya ətrafında sıx birləşməsindən xəbər verir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, hər bir mühüm hadisə keçilən yolun təhlilini bir zərurətə çevirir: “Azərbaycanın diaspor quruculuğu ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsasına çevrildi: “Ümummilli Lider bu çağırışı etdi ki, hamımızın bir Vətəni var-Azərbaycan. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müasir müstəqil Azərbaycanın möhkəmlənməsinə öz töhfəsini verməlidir. Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, cərəyan edən proseslərə təsir imkanlarının artırılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Bunun üçün Ümummilli Liderin tapşırığına uyğun olaraq müxtəlif ölkələrdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Sonra onların vahid mərkəzdən idarə olunmasının vacibliyi önə çəkildi. Dünya   Azərbaycanlılarının ilk qurultayı ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2001-ci ilin noyabrında Bakıda keçirildi. Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında bildirmişdir ki,  birliyimiz, həmrəyliyimiz indi həm  müstəqil Azərbaycan dövləti, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.”

Millət vəkili vurğulayıb ki, Ümummilli Liderin proqram xarakterli çıxışı dünya azərbaycanlılarının qarşısında mühüm vəzifələr qoymaqla yanaşı, onlarda bir güvən hissini formalaşdırdı: “Ulu öndər Heydər Əliyev bu məqamı xüsusi diqqətə çatdırmışdır ki, müstəqil Azərbaycan həmişə dünya azərbaycanlılarının dayaq yeri, pənah gətirdiyi yer olacaq və təbiidir ki, biz də onları özümüzün elçiləri hesab edir, böyük ümidlər bəsləyir,  arxalanır,  özümüzə dayaq hesab edirik.”

“Soydaşlarımıza verilən bu stimul onların təşkilatlanmasında, birliklərini, həmrəyliklərini daha da möhkəmləndirmələrində özünü qabarıq şəkildə büruzə verdi. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu yönümdə atdığı addımlara diqqət yetirək. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsi davam etdirildi.  Belə ki, beş ildən bir keçirilən II, III və IV Qurultaylarda cənab İlham Əliyev bildirdi ki, dünyada yaşayan azərbaycanlıların  öz tarixi Vətənləri ilə əlaqələrini  heç vaxt kəsməmələrini istəyirik. Yetişən gənc nəsil daim Azərbaycanın gələcəyi barədə düşünməli, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi qorumalı və növbəti nəsillərə ötürülməsinə öz töhfələrini verməlidirlər. Azərbaycançılıq ideologiyası ətrafında sıx birliyimizi hər zaman qorumalı və möhkəmləndirməliyik”,- deyə Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, bu gün qürur hissi ilə qeyd etdiyimiz uğurlarımız sırasında Azərbaycan diasporunun gücü, yüksək səviyyədə təşkilatlanması, qarşıya qoyulan hədəflərin gerçəkləşməsinə verdikləri  töhfələr xüsusi yer tutur.  Qurultaydan qurultaya keçilən yolun hesabatları da deyilənlərin təsdiqidir: “ IV Qurultayın keçirildiyi 2016-cı ildən bizləri 6 illik zaman ayırır. Bu illər ərzində Azərbaycanın iqtisadi, siyasi, humanitar, ordu quruculuğu, xarici siyasət sahəsində qazandığı uğurların miqyasına diqqət yetirmək kifayətdir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimiz ölkəmizin ayrı-ayrı sahələrdə malik olduğu imkanların  aydın ifadəsini yaradır. Ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə etimadı özünü doğrultdu. Belə ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüyərək torpaq, Vətən sevgilərini 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdilər. Yazılan Zəfər tarixi Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda keçirilməsini təmin etdi.  Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində azad olunan Şuşa dünya azərbaycanlılarını bir araya gətirir.  65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak edəcəyi tədbirdə müzakirə ediləcək mövzulara diqqət yetirmək kifayətdir. “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında aparılacaq müzakirələr növbəti qurultaya qədər müəyyənləşdirilən hədəflərə işıq salacaq. Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.”