Xəbərlər
Aqiyə Naxçıvanlı: Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır
“Bu gün Azərbaycan bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Azərbaycana etdiyi səfər də böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu səfər ölkələrimiz arasında mövcud münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəm təməli vardır. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, xalqlarımızın qardaşlıq əlaqələridir və bu gün iki ölkə arasında dövlətlərarası münasibətlər belə bir möhkəm təməl üzərində qurulur. Qeyd olunmalıdır ki, Qırğızıstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vueğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər”.
Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib. Millət vəkili daha sonra bildirib ki, Azərbaycan və Qırğızıstan dövlətləri arasında diplomatik əlaqələrin yaranmasından artıq 30 ilə yaxın bir müddət keçsə də, münasibətlər heç zaman bu səviyyədə olmayıb: “Bu gün Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq strateji əməkdaşlıq formatına yüksəlib. Bu, əlbəttə ki, son dərəcə əlamətdar hadisədir. Həm də nəzərə almaq lazımdır ki, ölkələrimiz arasında mövcud olan 30 illik diplomatik münasibətlər fonunda belə yüksək səviyyədə əlaqələr hələ qurulmamışdı. Dövlət başçımızın dediyi kimi, strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Həmçinin Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Belə bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləyirlər. O cümlədən Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi. Bundan başqa BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bu iki dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb. Keçirilən görüşlərdə investisiya layihələri ilə bağlı bir çox məsələlər müzakirə edilib. Həmçinin Prezidentlərin keçirdikləri geniş tərkibdə görüşdə nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, iki ölkənin nəqliyyat imkanlarını birləşdirməyin mümkünlüyü müzakirə olunub.”
Həmçinin Milli Məclisin deputatı bildirib ki, Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır: “Əməkdaşlıq imkanlarının müzakirəsinin gedişində bildirilib ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında artıq müəyyən qədər təcrübələri vardır. Aparılan fikir mübadilələrindən gəlinən nəticə də belə olub ki, mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Həmçinin kənd təsərrüfatı sahəsinin də perspektiv əməkdaşlıq istiqamətlərindən biri olduğu diqqət mərkəzinə çəkilib. Qərara alınıb ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Lakin bütün bu müzakirələrin fonunda bu hal da nəzərdən qaçırılmayıb ki, məhz humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Diqqətəlayiq məqamdır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan da dəstəkləmişdir. Bu baxımdan Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayan amil kimi çıxış edir”, - deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.