YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Liderimiz deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı.Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gəlmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub.Ümumilli Liderimiz Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub. Ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdir.

Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.Ümumilli Liderimiz  Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir.