Xəbərlər
Başlıbel qətliamı qurbanlarının xatirəsi anılıb
Kəlbəcər Rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Başlıbel faciəsinin 29-cu ildönümü qeyd edilib.
Anım tədbirində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel kənd sakinləri, şəhid ailələri və hadisə şahidləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin və Başlıbel qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra faciənin 29-cu ildönümünə həsr edilən film nümayiş olunub.
Tədbirdə çıxış edənlər Başlıbel faciəsinin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildiriblər. Vurğulanıb ki, Vətən müharibəsindən sonra Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, torpağa basdırılmış 12 nəfərin meyidinin qalıqları aşkar edilib. Bu gün Başlıbel sakinləri dədə-baba yurdlarına gələrək, yaxınlarının əziz xatirələrini yad edirlər.
Başlıbel ziyalıları, hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.