Xəbərlər
Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək
“1993-cü ilə qədər hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü kimi anti-milli ünsürlər dövlətimizə və dövlətçiliyimizə böyük zərbələr vursalar da, torpaqlarımızın işğal altına düşməsinə səbəb olsalar da, vətəndaş müharibəsinə, dünya azərbaycanlılarının parçalanmasına əsas yaratsalar da, Ümummilli Lider Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə gətirilməsindən sonra bütün sahələr üzrə proseslər əks istiqamət aldı, inkişaf, nailiyyətlər müşahidə edildi. Heç şübhəsiz ki, diaspor işləri də bu baxımdan istisna təşkil etmədi və mühüm addımlar atıldı. Dünya Azərbaycanlılarının ilk Qurultayı da 2001-ci ildə Bakıda keçirildi və bununla da ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoydu. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı 15 il ərzində isə keçirilmiş 3 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət ortaya qoydu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
R.Vəlibəyov bildirib ki, son 5 il ərzində diasporla iş daha da təkmilləşdirildi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlandı, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyaları tətbiqi olundu, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyətinin koordinasiyası həyata keçirildi: “Milli həmrəylik və birlik ideyasının reallaşdırılması naminə son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi yaradıldı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olundu. Sirr deyil ki, diaspor qarşısında duran əsas vəzifələrdən birini də Ermənistanın işğalçılıq siyasətinin ifşasıdır ki, bu istiqamətdə, xüsusilə də, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirdi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdi, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. Məhz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, Qarabağın işğaldan azad edilməsi bir daha milli birliyimizin və həmrəyliyimizin danılmaz sübutu oldu”.
“Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır” – deyən R.Vəlibəyov əlavə edib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi barədə qərar tarixi əhəmiyyət daşıyır: “Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüfi etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu mənada, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək. Heç şübhəsiz ki, bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir”.