YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dünyada sülhün təminatçısı və etibarlı tərəfdaş kimi çıxış edir

Ülviyyə Axundova

YAP Gənclər Birliyinin üzvü

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərə daha geniş aspektdə baxmağımıza şərait yarandı.

Ötən il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar bir il kimi yeni reallıqlar, imkanlar yaratdı, həmçinin Azərbaycanın dünyadakı nüfuzunun yeni bir mərhələyə keçməsinin başlanğıcı oldu. Hansı ki, bu mərhələ Azərbaycanın sülhün təminatçısı və etibarlı tərəfdaş modelinin nümayişi idi.

Dövlətimiz 30 il ərzində beynəlxalq müstəvidə, münasibətlərdə öz mövqeyini günü-gündən gücləndirdi. Paralel olaraq isə, ölkədə uğurlu daxili siyasət həyata keçirərək dövlətin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib dinamik inkişafı şərtləndirdi.

Bu gün Azərbaycan öz müqəddəratını təyin edən, regionun güc mərkəzinə çevrilən, dünya birliyində söz sahibi olan dövlətdir. Qarabağın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunması coğrafi, geosiyasi baxımdan çox strateji bir nöqtədə yerləşən ölkəmizin regiona investisiya və əməkdaşlıq imkanları gətirməsinə, təhlükəsiz və davamlı inkişaf mühitini yaratmasına səbəb oldu.

30 ilə yaxın bir müddətdə kağız üzərində qalan BMT-nin qərarlarının icrası məsələsi Azərbaycan liderinin dəmir iradəsi, xalq-iqtidar birliyinin gücü ilə hərbi və siyasi müstəvidə həll olundu. 

Azərbaycan Prezidenti İlham Əliyev 30 il ərzində BMT Baş Assambleyasındakı məzmunlu çıxışlarında BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilməsi məsələsini, Azərbaycan-Ermənistan arasındakı münasibətləri, Qarabağ münaqişəsini və icra olunması gözlənilən müvafiq qətnamələri ön plana çəkmişdi. Bunun əsas səbəbi isə təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi, Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icra olunmaması, Təhlükəsizlik Şurasına üzv bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmamasının qərarların təsir gücünü zəiflətməsi və bəzi hallarda “ikili standart”lar yaratması idi.

30 ilə yaxın davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi maneə olan Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının ən canlı nümunəsi idi. Belə ki, Qarabağ zəfəri ilə Prezident İlham Əliyevi tərəfindən regiondakı bu canlı təhlükənin daha da böyüməsinin qarşısını alındı və BMT-nin 4 qətnaməsinin icrası təmin olunaraq bir daha Azərbaycanın hərbi və diplomatik arenadakı gücü dünyaya nümayiş etdirildi.

Bununla da beynəlxalq müstəvidə yerini və rolunu gücləndirən ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğun olduğunu sübut etdi. Bu siyasətin əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurlu şəkildə həyata keçirilir.

Beynəlxalq müstəvidə Prezident İlham Əliyevin qəti və məntiqli diplomatik gedişləri regionun geosiyasi mənzərəsini dəyişdi və ölkəmizi yeni güc mərkəzi, təşəbbüslərin çıxışçısına çevirdi.

Belə ki, Azərbaycan 120 dövləti birləşdirən və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 2019-cu ildən etibarən sədrlik etməyə başladı. Bu müddətin 2022-ci ildə bitməli olmasına baxmayaraq Prezident İlham Əliyevin sədrliyinin uğurları və yüksək səviyyəli nüfuzu sayəsində Qoşulmama Hərəkatına üzv dövlətlərinin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra Hərəkatın təsirinin güclənməsi, beynəlxalq nüfuzu, üzvlərin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər görüldü. Xüsusilə də, Azərbaycanın koronavirus pandemiyası dövründə qlobal liderlik rolunu üzərinə götürərək həyata keçirdiyi çevik və adekvat fəaliyyətlər sayəsində beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Azərbaycan liderinin Qoşulmama Hərəkatına sədrliyi müddətində ölkəmizin və Hərəkatın beynəlxalq nüfuzu gücləndi, çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi ilə dünya birliyi tərəfindən təqdir olundu. İndiyə qədər görülən işlər və bundan sonra həyata keçiriləcək prioritetlər bunun təsdiqi və ən bariz nümunəsidir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra üzv olduğu təşkilatlardan olan İslam Əməkdaşlıq Təşkilatı da ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi, həqiqətlərin dünyaya çatdırılmasına verdiyi töhfə ilə öz əhəmiyyətini qoruyub saxladı. İƏT-ə üzv olan dövlətlərin hökumət başçılarının zirvə görüşlərində, o cümlədən, xarici işlər nazirləri səviyyəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı qətnamələrin qəbul olunması, təşkilatın rəhbərliyinin azad edilmiş torpaqlara səfərləri göstərilən dəstəyin nümayiş etdirilməsi idi.

Azərbaycannın hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirməsi və yeni reallıqlar yaratması Avropa İttifaqı ilə olan təmasların sayını əhəmiyyətli dərəcədə artırdı. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adının olmaması, münaqişənin başa çatması və Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istiqamətində atılan addımlar, təşəbbüslər Azərbaycanın məsələnin müsbət həllinə hansı dərəcədə fokuslandığı göstərdi. Belə ki, Avropa İttifaqının Azərbaycana 2 milyardlıq paket ayrılmasını elan etməsi heç də təsadüfi deyil. Bu Azərbaycanın mövqeyini, onun liderinin gücünü bir daha diqqətə çatdırır və yeni layihələrin icrasına, Qarabağda bərpa-quruculuq işlərinin aparılmasına şərait yaradır.

Bu gün müstəqil Azərbaycan hər addımında tarix yazmağa, nüfuzunu, gücünü artırmağa davam edir. Ölkə daxilində və xaricində yürüdülən balanslaşdırılmış və uzaqgörən siyasət Azərbaycanı dünya düzənində özünəməxsus yer tutan ölkəyə və etibarlı tərəfdaşa çevirir. Bu gücün qaynağı isə ən mötəbər beynəlxalq tribunalardan Azərbaycanın haqlı mövqeyini dünyaya çatdıran və prinsipial siyasəti nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.