YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndirib

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

2021-ci il ölkəmiz üçün əlamətdar il olaraq yadda qalıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edən qalib ölkə statusunu daha da möhkəmləndirmişdir. Döyüş meydanında düşməni cəmi 44 gün ərzində məharətlə məğlub edən Azərbaycan 2020-ci ilin payızında 30 illik erməni işğalına son qoyub, işğaldan azad edilmiş ərazilərdə dərhal bərpa işlərinə başlamışdır. Cəmi bir il ərzində işğaldan azad edilən ərazilərimizdə çox böyük işlər görülüb. Azərbaycan, qonşu dövlətlərin də marağında olduğu və regionun inkişafına xidmət edəcək “3+3” platforması kimi təşəbbüslərlə, layihələrlə çıxış edib.

Azərbaycan aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən İslam Həmrəyliyi Təşkilatı, sədrlik etdiyi Qoşulmama Hərəkatı, BMT, Avropa İttifaqı və bir çox başqa qurumlarla əməkdaşlığı davam etdirməklə, regionda inkişaf edən yeni geosiyasi reallığın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinə nail olmuşdur. 2022-ci ildə məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığın 30 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının bayrağı Qarabağda Azərbaycan bayrağının yanında dalğalanır. Bu, çox əlamətdar hadisədir.

Bu ilin martında Pakistanda keçirilən Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyası zamanı Azərbaycanın mövqeyini dəstəkləyən dörd qətnamə, o cümlədən Azərbaycanın tarixi və dini abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı mühüm qətnamələr qəbul edilib. Qarabağ bölgəsində və Şərqi Zəngəzurda aparılan bərpa işlərində daha çox ölkə və xarici şirkətlər iştirak etməkdə maraqlıdırlar. İnkişaf beynəlxalq standartlara uyğun aparılır, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri həyata keçirilir, bərpa olunan enerji mənbələrinə də diqqət yetirilir. Eyni zamanda, Azərbaycan hər şeyi öz gücü və resursları ilə həyata keçirir ki, bu da dövlətin həyat qabiliyyətini və sabitliyini önə çəkir. Prezident İlham Əliyevin münaqişədən sonrakı dövr üçün sülh gündəmində nəzərdə tutduğu bütün məsələlər qlobal səviyyədə dəstəklənir.

 

 

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təxminən bir ilə yaxındır ki, sülh müqaviləsinin imzalanması prosesinə maneələr yaratmağa cəhd edən və regionda nəqliyyat kommunikasiyalarının, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran Ermənistan nəhayət başqa çıxış yolunun olmadığını başa düşür. Avropa İttifaqının dəstəyi ilə Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların yeni mexanizmi və formatı formalaşdırılır. Xüsusilə qeyd etmək lazımdır ki, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi və ya ATƏT-in Minsk qrupunun adının çəkilməsi tarixdə qalmışdır. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına işarə edəcək sənədlərdə əsas şərt Azərbaycanın ərazi bütövlüyünün tanınması olacaq. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onlara baha başa gəlib. Bu, Ermənistanın özündə də qəbul edilməyə başlanıb. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanın sülh sazişinin əsas prinsipləri ilə bağlı fikirlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq əminliklə demək olar ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi baxımdan da, diplomatik baxımından da mütləq qələbəyə nail olub, bu da ölkənin nüfuzunu dünya siyasətinin ən yüksək tribunalarında daha da gücləndirib.