Xəbərlər
Əldə edilən uğurlar Azərbaycanın davamlı inkşafını göstərir
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Məlum olduğu kimi Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə Prezident İlham Əliyevin Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan, qarşıda duran hədəflərdən bəhs edərək tarixi Zəfərimizin ölkəmizin qarşısında açdığı imkanları diqqətə çatdırdı, çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi.
Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də postmüharibə dövrünün reallıqları, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması oldu.O, Azərbaycanın konkret - birmənalı və prinsipial mövqeyini, atılan addımları - cərəyan edən prosesləri, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı.
Bütün dünyanı cənginə alan COVID-19 pandemiyasının təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edib. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Reallıq odur ki, ölkə iqtisadiyyatı şaxələndirililib, neft-qaz sektorundan asılılıq azaldılıb, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşüb.
Prezident İlham Əliyevin yürütdüyü möhtəşəm, düşünülmüş siyasət nəticədir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün , düşünülmüş siyasətin həyata keçirilməsinin göstəricisidir .
Prezident İlham Əliyev çıxışında ölkəmizin beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığına xüsusi diqqət yetirərək bildirib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. Bu baxımdan bir müddət əvvəl BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və qurumun Təhlükəsizlik Şurası Azrbaycanın xeyrinə bir neçə ədalətli qərar qəbul etmişlər. Lakin məlum olduğu kimi, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldı. Nəhayət, Azərbaycan Qarabağ münaqişəsini öz gücünə, həll etdi . Düşməni məhv edərək tarixi torpaqlarından qovdu və tarixi ədaləti bərpa etdi.
Sevindirici haldır ki, 3+3 əməkdaşlıq formatı işə düşdü. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir.
Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacağını vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməyəcək
Zəngəzur dəhlizi açılmalıdır deyən Dövlətimizin başçısı Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparıldığını vurğuladı. Prezident İlham Əliyev İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də hazırlandığını, nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planların vaxtlı-vaxtında yerinə yetirildiyini, artıq 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri hazırdır olduğunu bildirdi.
Cənab İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün işğaldan azad edilmiş torpaqlarda görüləcək işlərin miqyasını da açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edildiyini söyləyən dövlətimizin başçısı bunun çox böyük göstərici olduğunu vurguladı. Eyni zamanda,ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildiyini qeyd etdi.
Beləliklə, 2022-ci ilin ilk üç ayının göstəriciləri, əldə edilən uğurlar Azərbaycanın davamlı inkşafını göstərir.