YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 30 ilə yaxın davam edən ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan 30 ilə yaxın davam edən ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Prezident İlham Əliyev müdrik siyasəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəmizi reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

Qarabağ münaqişəsini Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz, xalqımızın qeyrətli və qəhrəman oğulları həll etdi. Qardaş ölkələrdən Türkiyə və Pakistan da Azərbaycana siyasi dəstək verdilər. Buna görə Prezident İlham Əliyev dəfələrlə bu ölkələrin liderlərinə minnətdarlığını bildirib. Amma Minsk qrupu məsələnin həlli istiqamətində heç bir addım atmadı. Prezident İlham Əliyev  müsahibələrində dəfələrlə  bəyan etdi ki, onlar danışıqlar prosesi dövründə gəlib, təkliflər verib, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit ediblər. İndi isə müharibə bitdiyi iki ilə yaxın dövrdə, onlardan hər hansı təklif yoxdur: “Mən onlara dedim ki, biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”. Bundan sonra Minsk qrupunun fəaliyyəti etimad tədbirləri, yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək kimi məsələlər ola bilər. Prezident qeyd etdi: “Yoxsa “Dağlıq Qarabağ”ın– olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!” Təbii ki, Prezidentin bu mövqeyi Azərbaycan xalqının mənafeyinə tam uyğundur.

Regionda sülhün bərqərar olması zəruriliyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Sülh müqaviləsi mütləq reallaşdırılmalıdır. Şübhəsiz ki, burada sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlərin aparılmasının gerçəkləşdirilməsi də mühüm önəm daşıyır. Ermənistanın bu istiqamətdə tez bir zamanda fəaliyyətə başlaması, sülh sazişi üzərində danışıqlara qoşulması bu ölkəni həm üzləşdiyi daxili siyasi və iqtisadi böhrandan xilas edə, həm də regionda sülhün inkişafına mühüm töhfə verə bilər.

Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal etdiyi torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmayacaqdı. Ancaq onlar bu təzyiqi etmədilər. Məlumdur ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onlar dünya miqyasında ən güclü ölkələr sayılırlar. Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verdilər. Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb. Minsk qrupu da, dünyanın digər güc mərkəzləri də regiondakı real vəziyyəti nəzərə almalıdırlar. Hər bir siyasətçi, hər bir dövlət hadisələrə qiymət verərkən beynəlxalq hüquq normalarından çıxış etməlidir. Bəzi güclərin Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirmək cəhdləri regionda yaşayan xalqların maraqlarına xidmət etmir.