Xəbərlər
Əli Həsənov: Türkiyə-Azərbaycan münasibətləri bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb
Aprelin 3-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşüb.
Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərinin bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynadığını bildirib. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də məhz Türkiyə olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son durumu haqqında məlumat verən Əli Həsənov vurğulayıb ki, ölkəmiz rəsmi Ankaranın bu məsələ ilə bağlı tutduğu mövqeyi yüksək qiymətləndirir. Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə, sülh variantına üstünlük verir. Eyni zamanda, dövlətimizin başçısı torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulayıb.
Əli Həsənov diqqətə çatdırıb ki, azərbaycanlılara qarşı dəhşətli qətliamlar və terror aktları törədən ermənilər özlərini məzlum, əzilən millət kimi göstərərək, guya, türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə cəfəng iddialarla ictimai fikir formalaşdırırlar. Son zamanlar isə onların çirkin kampaniyalarına beynəlxalq qurumların inanmadığının şahidi oluruq. Azərbaycan dünyada haqq, ədalət axtarışına çıxaraq, erməni yalanlarını ifşa etməkdədir və bu kampaniyaların gerçəkləşməsində Türkiyə hər zaman ölkəmizin yanında olub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdən danışaraq bildirib ki, bu layihələr Azərbaycan, Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdən sonra TANAP layihəsinin reallaşması ölkələrimizin regionda və dünyada nüfuzunu daha da artırıb.
Görüşün sonunda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova Türkiyə Qəzetçilər Federasiyasının mükafatı təqdim edilib.