Xəbərlər
Çingiz Qənizadə: Ölkə qanunlarına hörmətlə yanaşmaq hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır
«Azərbaycan Prezidenti ölkəmizin xarici və daxili siyasətini həyata keçirərkən dövlətçiliyə, milli maraqlara söykənir. Bəzi hallarda bu siyasət bir sıra Qərb dövlətlərini, həmçinin, onların nəzarətində olan beynəlxalq təşkilatları qane etmir». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, məhz buna görə də daim onlar Azərbaycan barədə mənfi fikirlər formalaşdırmağa çalışırlar. Onun sözlərinə görə, bir çox hallarda buna rəvac verənlər arasında yerli QHT-lərə və hüquq müdafiəçisi adı altında çalışan insanlara da rast gəlinir.
«Sanki bu insanlar xarici qüvvələrlə əlbir olub ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqda ortaq mövqedən çıxış edirlər. Konkret olaraq ölkə daxilindəki bəzi QHT sədrləri və radikal müxalifətə yaxın olan şəxslər belə fikirlər formalaşdırırlar. Əgər hansısa QHT xaricdən maliyyələşirsə, belə halda sifarişi verən maliyyə verən qurum olacaq. Həmin sifarişçi qurumlar da Azərbaycanın uğurlarını həzm etməyən xarici qüvvələrdir. Belə bir addım atmaqla, onlar Azərbaycana siyasi təzyiq etmək niyyəti güdürlər. Bu ölkənin adına xələl gətirə biləcək istənilən hadisə bir vətəndaş kimi hər birimizi narahat etməlidir. Əcnəbi qüvvələrin məkrli niyyətlərinə qarşı hər birimiz etiraz etməli, bunun reallaşmasına imkan verməməliyik. Yalnız bundan sonra öz fəaliyyətimizi ölkə daxilində həyata keçirə, mövcud problemləri öz aramızda həll edə bilərik. Hər bir kəs üçün öncə Vətən, ardınca həqiqət və ictimai-siyasi fəaliyyət önəmli olmalıdır. Eyni zamanda, ölkə qanunlarına hörmətlə yanaşmaq da hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır»- deyə, deputat vurğulayıb.