YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qloballaşma şəraitində aparılan işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına yollar açır

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Novruz bayramı təbiətlə - su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir. Xalqımız üçün əziz olan bu bayram haqqında ulu öndər Heydər Əliyev belə demişdir: "Dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir".

Məlumdur ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr edən Ümummilli Lider, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə imperiyanın sərt qadağalarına baxmayaraq, xalqımızın yaddaşında kök salmış Novruz bayramı qeyd edilmişdir. Belə ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi".

Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilir. Novruz şənliklərində dövlət başçısının iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsirini göstərir.

Qloballaşma şəraitində aparılan işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına yollar açır. Belə bir şəraitdə Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sayəsində atılan ciddi addımlardır. 2010-cu il 23 fevralda BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi.

Artıq bu il ikinci ildir ki, işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Novruz tonqalı yandırılır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz bizi arzularımıza, böyük məsləkimizə qovuşdurdu. İşğaldan azad olunan əzəli torpaqlarımızda Novruz bayramımızı qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır. Ötən il Prezident İlham Əliyevin Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması hər birimizi qürurlandırdı. Dövlət başçısı müraciəti zamanı "2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq" - deyə bildirmişdi: "Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir".