YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı xalqımızın qədim tarixə və mədəniyyətə sahib olmasının daha bir sübutudur

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qədim adət-ənənələrinə, tariximizə, milli-mədəni irsimizə hər zaman böyük dəyər verib. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində qeyd olunmasına sərt qadağa qoyulduğu Novruz bayramının uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına başlanması da məhz həmin ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi sayəsində mümkün olmuşdu. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı.

Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını min illiklər boyunca qeyd edəcək.

Məlum olduğu kimi, Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.

Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır.

DİGƏR Xəbərlər Arxiv