Xəbərlər
Vətən müharibəsi şəhidi Elşad Həsənovun ailəsi ziyarət olunub
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə dəstəyilə Novruz bayramı ilə əlaqədar təşkil olunan “Tarixi Zəfərin gətirdiyi bahar” adlı aksiya çərçivəsində Vətən müharibəsi şəhidi Həsənov Elşad Paşa oğlunun ailəsi ziyarət olunub.
Ziyarət zamanı YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev şəhid ailəsinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin böyüklüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda adlarını qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Təşkilat sədri Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımıza bu gün şanlı Zəfərimizin əbədi bahar gətirdiyini bildirib.
Vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə görə şəhid ailəsinə öz təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Şəhidin ailə üzvləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.