YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər yeni yol yeni imkan deməkdir, yaxud Araz axır gül ilə...

Musa Urud

Millət vəkili

"Araz çayı üzərində yeni 4 körpü tikiləcək"-, xəbəri təkcə gündəmi dəyişmədi, regionun həyatını dəyişəcək hadisələrin başlanğıcı oldu. İllərlə Babəkin kəsik qolları kimi yarası sızıldayan Xudafərinə baxıb Araz çayına ayrılıq nəğmələri oxumaq zorunda qalan bizlər indi Araz üzərindən dostluq, dardaşlıq körpülərinin açılmasının şahidləri və iştirakçıları kimi xoşbəxtik.

1992- ci ilin mayında Ümummilli Lider Heydər Əliyevin təşıbbüsü ilə Araz çayı üzərində tikilən "Ümid körpüsü" o illərdə Naxçıvanı aclıqdan və fəlakətdən xilas etmişdi. 30 il sonra isə cənab Prezident İlham Əliyevin səyləri ilə reallaşan Araz çayı üzərində yeni 4 körpüdən ibarət yol- kommunikasiya qovşağının qurulması Naxçıvanı materik Azərbaycanla birləşdirməklə yanaşı, 3 qonşu müsəlman dövləti - Azərbaycan- İran və Türkiyə arasında birliyin daha da möhkəm həlqəsi kimi əhəmiyyətlidir.

Azərbaycan hökuməti ilə İran hökuməti arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, loqistik əhəmiyyətə malik tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici siyasət, diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq  imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir.

Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 3+3 formatında əməkdaşlıq platforması bölgəmizdə yeni siyasi- iqtisadi mənzərə yaradan uğurlu layihə kimi əhəmiyyətlidir. Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin və müqavilələrin böyük əhəmiyyəti vardır.

2021- ci ilin 15 iyununda Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Moskvada bağlanmış müttəfiqlik səviyyəsində əməkdaşlıq Müqaviləsinin ardınca 11 mart 2022- ci il tarixdə Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat- kommunikasiya əlaqələrinin yaradılması haqqında Sazişin imzalanması bölgə həyatına yeni perspektivlər vəd etməkdədir.

Əlbəttə, cənab İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən loqistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də, pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanın reallaşması olacaqdır.

Təəssüf ki, Ermənistanın destruktiv siyasi mövqeyi Zəngilan- Mehri- Ordubad yolunun və kommunikasiya xəttinin açılmasını artıq il yarımdır ki, ləngidir. Əslində, Ermənistan öz aləmində Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir.  Lakin bu uğursuz ölkədə unudurlar ki, kommunikasiyaların açılması məsələsi Ermənistanın kapitulyasiya aktı kimi imzaladığı 10 noyabr 2020- ci il tarixli üç tərəfli bəyanatda öz əksini tapmışdır və Ermənistan göyə də çıxsa, yerə də girsə bu layihə gec- tez reallaşacaqdır. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, yaxşı olar ki, Ermənistan  Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəsinə düşən vəzifələri könüllü surətdə yerinə yetirsin, əks halda biz Ermənistanı buna məcbur edəcəyik.

İstənilən halda, Azərbaycan dövləti böyük siyasi iradə  nümayiş etdirərək, kommunikasiya dəhlizlərinin yaranmasında aparıcı rolunu ortaya qoydu və yenə də Ermənistanın iqtisadi gərəksiz, loqistik dalana düşmüş bir durumu göz önündədir.

Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzir dəhlizi- Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu  İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur Dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan- Meğri- Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur Dəhlizi reallığı ilə barışmaq zorundadır.

Cənub Zəngəzur Dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri əlaqəsinin yaranmasını təmin etməklə yanaşı, Azərbayacan,  İran və Türkiyənin  dövlət maraqlarının daha sıx inteqrasiya olunmasına xidmət edəcəkdir.

Bu həm də, bölgənin 3 müsəlman dövlətinin  həyatında  yeni mərhələnin başlanması deməkdir.

Zəngilanın Ağbənd qəsəbəsindən körpülər vasitəsi ilə İran ərazisinə keçən yeni kommunikasiya xətti  Ermənistanın dövlət sərhədinə 5 km məsafədən olmaqla təxminən 55 km  İran ərazisindən keçərək Ordubada daxil olacaqdır. Yaxın gəlıcəkdə qardaş Türkiyə də "Ümid Körpüsü" üzərində  Qars - Naxçıvan dəmir yolu tikərək Zəngəzur dəhlizinə qoşula biləcəkdir.

Bu saziş həm də, Ermənistanı yenidən düşünməyə, 10 noyabr üç tərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasına süni maneələrin aradan qalxmasına təkan verəcəkdir.

Ağbənd- Mehri- Ordubad dəhlizinin- biz bu yola Şimal Zəngəzur Dəhlizi deyə bilərik, eləcə də Laçın- Sisyan- Şahbuz avtomobil yolunun da açılması ilə daha çox alternativlərimiz və manevr imkanlarımız yaranacaqdır.

Bu dəhlizlər vasitəsi ilə gələcəkdə gündoğan Asiyadan günbatan Avropaya (və əksinə) yük və sərnişin daşınması, eləcə də qaz və neft boru xətləri çəkməklə Azərbaycan, İran, Türkmənistan, Qazaxstanın karbohidrogen ehtiyatlarının Avropa ölkələrinə nəqli, turizm imkanlarının və mədəni əlaqələrin genişlınməsi mümkün olacaqdır.

...Araz çayı üzərindəki 5 körpüdən qatarlarda, avtobuslarda, fərdi minik maşınlarında  milyonlarla insanımız Azərbaycanın, İranın və Türkiyənin müxtəlif bölgəlırinə səfərlər edəcəklər. Hər sərnişin bu körpülərdən keçəndə  Araz çayına bir gül atarsa, doğrudan da Araz dəstə- dəstə gül ilə axa biləcəkdir!

...Çox zaman siyasəti şahmata bənzədirlər. Bəlkə də ona görə ki, şahmat digər oyunlardan daha çox intellektual potensial, ağıl, çeviklik, uzaqgörənlik, ən əsası isə, iradə və psixoloji möhkəmlik tələb edir.

Şahmatda və siyasətdə səhv etdin, uduzacaqsan.

Ən az səhv edən müdriklərdir.

Siyasətdə digər güclərdən və  alətlərdən daha çox müdriklik qalib gəlir.

Şahmatda mahir və müdrik oyunçu birinci, yaxud ikinci gedişlə başlamasından asılı olmayaraq qalib gəlir...

Eynən siyasətdə olduğu kimi....

Cənab İlham Əliyev artıq neçənci illərdir ki, bölgədə və dünyada siyasi gedişini edir və qalib gəlir!

Mahir siyasətçi üçün də fərqi yoxdur, ağ və qara fiqurlarla gediş etməyin!

Şahmat taxtası 64 xanadan ibarətdir, bu xanalar üzərində 32 fiqurun mübarizəsi gedir, milyonlarla kombinasiyalar oynanılır...

Gör dünya taxtası nə boydadır, nə qədər oyunçusu var bu taxtanın, hələ fiqurlarının sayını demirəm...

Hər qələbə ədalətli sayılmaz....

Yalnız güclü və ədalətli olan əbədi qalibdir!

İlham Əliyev təkcə qalib gəlmir, həm də qrossmeyster dərsləri verir!!!