Xəbərlər
Deputat: Azərbaycan və Türkiyə prezidentlərinin Ankara görüşü regionda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edir
Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfəri dünyada və regionumuzda baş verən mürəkkəb siyasi proseslər kontekstində baş tutdu. Dövlətimizin başçısının Türkiyəyə səfəri istər regional, istərsə də qlobal siyasi proseslər baxımından çox əhəmiyyətlidir. Bu səfər iki dövlətin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu formalaşmaqda olan yeni geostrateji arxitekturada müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Deputat bildirib ki, bu gün dünyanın Yaxın Şərq, postsovet məkanında hibrid və vəkalət müharibələrinin alovlandığı bir vaxtda iki qardaş ölkədə sülh və əmin-amanlığın mövcud olması hər şeydən əvvəl Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Hər iki dövlət başçısı verdikləri mühüm strateji qərarlarla XX əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi daxil olublar. Məhz verilən qəti qərarlar bu gün dünyanın Cənubi Qafqaz kimi mürəkkəb regionunda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində iki ölkənin qarşılıqlı maraqları nəzərə alınmaqla bütün məsələlərin müzakirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Görüşün dörd saatdan çox davam etməsi yeni dünya nizamında iki qardaş ölkənin oynayacağı rolun koordinasiyası, çoxqütblü beynəlxalq sistemdə strateji müttəfiq olaraq onların yerinin və rolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi. Bu gün dünyada baş verən mürəkkəb proseslər kontekstində dövlətlərin öz milli təhlükəsizliklərini təmin etməsi olduqca çətin vəzifəyə çevrilib. Hazırda etnik və demoqrafik baxımdan yaxın olan bir çox xalqlar belə bir-biri üçün təhlükə və təhdid kimi görünür. Ancaq türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük liderlərdən olan prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qəbul etdikləri strateji və uzaqgörən qərarlarla iki qardaş ölkənin təhlükəsizliyinin təmin olunması kimi mühüm tarixi vəzifənin öhdəsindən layiqincə gəlirlər”, - deyə H.Babaoğlu vurğulayıb.
Deputatın sözlərinə görə, hazırda ortaq etnik kökdən, mədəniyyətdən və siyasi keçmişdən gələn xalqların biri-biri ilə amansız müharibə apardığı bir vaxta Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı müasir dünyada rast gəlinməyən bir reallıqdır. Bu reallığın müəllifləri isə iki qardaş ölkənin liderləridir. Son bir neçə ildə baş verən hadisələrə bir daha diqqətlə nəzər saldıqda Şuşa Bəyannaməsinin nə qədər vaxtında və yerində imzalanmış bir müttəfiqlik sənədi olduğu aydın görünür. Bu sənəd mümkün olan bütün təhdid və təhlükələrə qarşı iki qardaş ölkənin gücünü birlikdə səfərbər edərək öz təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradır.
“Şübhəsiz ki, Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə vaxtında verdiyi qərarlar bugünkü müttəfiqliyimizin iqtisadi və geostrateji əsaslarını təşkil edir. Əgər zamanında Bakı-Tbilisi -Ceyhan, Bakı-Tbilisi-Qars , Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm strateji layihələr həyata keçirilməsəydi, milli gücümüzün iqtisadi komponentləri bu qədər zəngin olmazdı. Əldə etdiyimiz tarixi Zəfərimizdən sonra isə bu layihələrin davamı olaraq Zəngəzur dəhlizinin açılması zəruri şərt kimi ortaya çıxır”, - deyə H.Babaoğlu qeyd edib.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin strateji maraqları çərçivəsindədir. Bu, məhz Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində mümkün olub. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə-Azərbaycan müttəfiqliyinin daha da dərinləşməsi və regionumuzda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edəcək.