YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilatdır

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilatdır. Partiyamız 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s. hədəflərə nail olunmasında böyük uğurlar əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.

Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.

Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürüb. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini də bildirmişdi.

Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanıb və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsəd və vəzifələri eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapır. Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.

Yeni proqramda ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən, cəmiyyətin ahəngdar inkişafını təmin edən ideoloji prinsiplər qorunub saxlanılmışdır. YAP demokratik siyasi dəyərlərə və prinsiplərə əsaslanır ki, onların içərisində Heydər Əliyev yolu müstəsna yer tutur. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası özündə siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışları ehtiva edir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasını şərtləndirir.