Xəbərlər
Kamaləddin Qafarov: Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni tarixi reallıqlar yaradıb
“BMT Baş Assambleyasının 76-cı sessiyasında dövlət və hökumət başçıları səviyyəsində keçirilən yüksək səviyyəli tematik müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda etdiyi çıxış mahiyyət etibarı ilə Azərbaycanın siyasi-diplomatik müstəvidə apardığı mübarizənin mühüm tərkib hissəsidir. Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər və bu əməllərdən yaranan ciddi fəsadlar barədə məlumatlar, bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasına dair tələblə yanaşı, dövlət başçımızın bu çıxışında Azərbaycanın bir çox istiqamətlərdə, o cümlədən pandemiya ilə mübarizə sahəsində qlobal təşəbbüsləri, həçmçinin ölkəmizin post-müharibə dövrü üçün artıq reallaşdırmağa başladığı daxili və beynəlxalq layihələr və bir çox başqa vacib məsələlər barədə ətraflı məlumatlar təqdim olunmuşdur.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin öz çıxışına məhz COVİD-19 pandemiyası ilə qlobal mübarizə tədbirlərinin müzakirəsi ilə başlaması bir daha onu göstərir ki, Azərbaycan təkcə öz problemlərini deyil, eyni zamanda, bütün dünya ölkələrini narahat edən ciddi problemləri düşünür və onların həlli istiqamətində effektiv addımların atılması məqsədilə hər zaman konkret, rasional təkliflərlə çıxış edir: “Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri ilə Azərbaycan bu dövr ərzində bir çox iqtisadi baxımdan zəif ölkələrə çox dəyərli yardımlar göstərmişdir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib. Ölkəmiz pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin yaranması üçün vacib təşəbbüslərlə çıxış edib.”
K. Qafarov Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər, bu əməllərdən yaranan fəsadlar və bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasının vacibliyi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından Prezident İlham Əliyevin çıxışının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev öz çıxışında 30 il ərzində Ermənistanın işğal etdiyi ərazilərdə yerləşən bütün şəhər və kəndləri qəsdən dağıtması, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirməsi barədə ətraflı məlumat vermişdir. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etmişdir ki, II Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir.”
Miilər vəkili qeyd edib ki, Prezident İlham Əliyev bu dəfə də öz çıxışında Cənubi Qafqaz regionunda dayanıqlı sülhə və davamlı inkişafa aparan yeganə yolu Ermənistana yenidən göstərmiş və eyni zamanda da bu ölkədə revanşist əhval-ruhiyyələrini qızışdırmaq məqsədi güdən qüvvələrə öz sərt mesajını çatdırmışdır: “Prezident İlham Əliyev öz çıxışında beynəlxalq ictimaiyyətin də müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana müvafiq çağırış etməli olduğunu vurğulamışdır. Dövlətimizin başçısı Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulması tələbi ilə dünyada hələ də Azərbaycanın Qələbəsini həzm edə bilməyən qüvvələrə öz mesajını bir daha çatdırmışdır. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Artıq hər kəs bunu qəbul etməli və öz gələcək fəaliyyətini də məhz bu reallıqları nəzərə almaqla planlamalıdır.”