Xəbərlər
Sabirabadda şəhidin doğum günü qeyd olunub
Sabirabadda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Əkbərov Rahil Canəhməd oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.
Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı Sabirabad rayonunun Ətcələr kəndində adına ucalmış abidə kompleksinin önündə anım tədbiri keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edib, Rahil və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib.
Birinci Vətən Müharibəsi Qazisi, Sabirabad rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov, şəhidin döyüş yoldaşları və şəhidin valideynləri Rahil Əkbərovun qısa və şərəfli ömür yolundan danışıblar.