Xəbərlər
Boris Conson: Böyük Britaniya Azərbaycanın sarsılmaz tərəfdaşıdır və bundan sonra da olacaqdır
Martın 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti bir daha qeyd etmək istərdim.
Bu fikirlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı təbrikdə yer alıb.
Baş nazir Boris Conson qeyd edib ki, son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib.
Məktubda, həmçinin deyilir: “İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq. Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır”.
Böyük Britaniyanın Baş naziri qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözlədiyini qeyd edib.