Xəbərlər
Prezident İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Humberto Vinueza Rodriqezin etimadnaməsini qəbul edib.
Səfir Humberto Vinueza Rodriqez fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Humberto Vinueza Rodriqez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı bunun üçün kifayət qədər potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu istiqamətdə əlaqələrimizin genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından rolunu qeyd etdi. Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Səfir Humberto Vinueza Rodriqez Ekvador Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə ölkələrimiz arasında neft-qaz, sərmayə qoyuluşu, mədəni əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador dövlətinin başçına çatdırmağı xahiş etdi.