Xəbərlər
2021-ci il Azərbaycan tarixinə siyasi qələbələr, iqtisadi inkşaf və sosial islahatlar ili kimi həkk olundu

“2021-ci il Azərbaycan tarixinə siyasi qələbələr, iqtisadi inkişaf, sosial islahatlar ili kimi həkk olundu. Heç şübhəsiz bütün bu uğurların müəllifi cənab Prezident, uzaqgörən Lider, dahi siyasətçi İlham Əliyevdir. Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib.
S.Vəliyeva deyib ki, 2021-ci il ərzində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, sərəncamlar imzalanmışdır: “Bu sənədlər içərisində Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncam xüsusi yer tutur. Ümumilikdə 2.1 milyondan çox vətəndaşı əhatə edən sənədin icrasına illik əlavə 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bununla yanaşı imzalanmış müvafiq fərman və sərəncamlara əsasən sosial müavinətlər və təqaüdlər də artırılmışdır. Ümumilikdə dövlət başçısının imzaladığı yeni fərman və sərəncamlar 732 min şəxsi, o cümlədən 132 min doktorantı və tələbəni əhatə edir. Bu məqsədlə il ərzində 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Ölkə başçısının imzaladığı digər sərəncama əsasən, əlilliyə görə müavinətlər I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə isə 110 manatdan 120 manata çatdırılmışdır.
Eyni zamanda 2022-ci il üçün minimum aylıq əməkhaqqı məbləği 50 manat artırılaraq, 250 manatdan 300 manata qaldırılmışdır. Həyata keçirilən sosial tədbirlərin müsbət təsirləri cəmiyyətin hər bir təbəqəsində əksini tapmışdır”.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident cənab İlham Əliyev şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşıb: “2021-ci ildə daha 164 avtomobil olmaqla, ümumilikdə 7400-ə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub. Prezident cənab İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı bu kateqoriyadan olan əhali qruplarına xüsusi qayğının növbəti bariz göstəricisidir. İmzalanmış Sərəncama əsasən müvafiq il ərzində 3000 şəhid ailəsi, müharibə əlillərinin evlə təmin olunması nəzərdə tutulmuşdur ki, artıq 2700-dən çox mənzil bu kateqoriyadan olan şəxslərə təqdim olunmuşdur.
Bundan başqa cənab Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli fərmanına əsasən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta ödənişlərinin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəniş veriləcəkdir. Prezident İlham Əliyevin imzaladığı daha bir möhtəşəm sərəncam İkinci Qarabağ müharibəsinin iştirakçılarına şamil olunmuşdur. Sənədə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi veriləcəkdir. “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş şəxslərə proaktiv qaydada 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) veriləcəkdir. Bütün bu amillər bir daha sübut edir ki, Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət başçısı əhalinin sosial rifahının yüksəldilməsini xüsusi diqqətdə saxlayır”.
S.Vəliyeva vurğulayıb ki, Azərbaycanda postmüharibə və pandemiya dövrünün olmasına baxmayaraq, sosial islahatlar və bu islahatlara paralel olaraq sosial-iqtisadi inkişaf sürətlə davam edir: “Əminliklə demək olar ki, dünya tarixində müharibədən yeni çıxmış heç bir ölkədə belə sosial islahatların həyata keçirilməyib və iqtisadi inkşafın əldə olunmayıb. 2021-ci il Azərbaycan üçün diplomatik və siyasi sahədə də xeyli uğurlu oldu. Prezident cənab İlham Əliyev 2021-ci il ərzində dünyanın bir sıra tanınmış xarici telekanallarına, qəzet və jurnallarına müsahibələr verdi, bir sıra beynəlxalq görüşlərdə, tədbirlərdə iştirak etdi. Müsahibələr zamanı jurnalistlərin verdiyi suallara dolğun, əsaslı faktlarla cavab verən dövlət başçısı cənab İlham Əliyev bir daha beynəlxalq tribunalardan Azərbaycanın qəti mövqeyini nümayiş etdirdi. Dünya “Dəmir Yumruğ”un erməni mifini necə məhv etdiyinin və Azərbaycan Prezidentinin uzaqgörənliyinin, qətiyyətinin və dahiliyinin şahidi oldu. 2021-ci il ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ailə üzvləri ilə birgə dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfərlər etmiş, bir sıra infrastruktur layihələrinin açılışında iştirak etmişdir. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Prezident cənab İlham Əliyev öz doğum gününü işğaldan azad olunmuş ərazilərdə qeyd etdi. Həqiqətən də Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun belə xalqını sevən, hər zaman xalqı üçün çalışan, xalqının yanında olan Lideri var!”