Xəbərlər
Vətən müharibəsi şəhidi Oqtay Məmmədov doğum günündə anılıb
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədov Oqtay Namiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.
Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin uyuduğu məzarı ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları Oqtay Məmmədovun keçdiyi döyüş yolundan danışıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar.
Mərasimdə çıxış edən N.Həmzəyev bildirib ki, Vətən müharibəsində Oqtay kimi Azərbaycan gəncləri xalqımızın əzmkar, döyüşkən və qorxmaz olduğunu bir daha dünyaya nümayiş etdirdilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı böyük Qələbə nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı.
Qeyd edək ki, 1994-cü il yanvarın 1-də Gəncə şəhərində anadan olan Oqtay Məmmədov noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
