YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: “Komando” birlikləri revanşist çevrələrə açıq ismarıcdır

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı təşkilatının sədri

Hər bir xalq son nəticədə öz taleyini özü müəyyən edir. Bayramlar, zəfərlər, qələbələr eyni zamanda da, kədərli günlər taleyin diqtəsi olmaqla yanaşı, həm də insanların hərəkətlərinin nəticələridir. İnsanlar onlar üçün müəyyən olunmağa çalışılan, onların iradələrindən kənar taleyi qəbul etməməkdə sərbəstdirlər. Oxuduğum bir kitabda yazılmışdır ki, xarakter insanın taleyidir və insanın xarakteri onun taleyini formalaşdırır. Bu fikrin nə qədər həqiqət olub-olmadığını bilmirəm. Lakin mən hesab edirəm ki, Azərbaycan xalqı özünə layiq olduğu həyatı yaşamaq üçün uzun və keşməkeşli yollardan keçmişdir. Bizim zəfərlərimiz, qələbələrimiz məhz ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyev adı, müdrik Azərbaycan xalqının əzmkarlığı ilə bağlıdır.

Hadruta Prezidentin bu dəfəki səfərinin həm xarakteri, həm də məqsədi tam fərqli idi. Bayram abu-havasında keçən bütün səfər müxtəlif gözəl məqamlarla da yadda qalmışdır. Əlbəttə, Prezidentin verdiyi ismarıclar bir daha Qarabağ münaqişəsinin həllində və regionunun gələcək taleyində maraqlı olan tərəflər üçün böyük əhəmiyyət daşıyırdı. Hadrutda peşəkar ordu hissələrindən təşkil olunmuş “Komando” birliklərinin yerləşdirilməsi özü artıq bəzi revanşist və məkirli fikirləri olan çevrələr üçün açıq-aşkar Azərbaycanın məsələ ilə bağlı mövqeyinin fərqli aspektdən ifadəsi idi. Prezident həm sözü, həm də əməli ilə açıq dedi ki, Azərbaycan var gücü ilə ordusunu daha da inkişaf etdirmək istiqamətində davam edir. Orduya ayrılan xərclər azalmayıb, əksinə artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz ordununun yeni və yenidən komplektləşdirilməsi mərhələsində “Şuşa Bəyannaməsi”nin və “Bakı Bəyannaməsi”nin izlərini görməkdəyik. Hərbi texnikanın alınması, hərbi xərclərin artırılması, eyni zamanda hərbçilərin maaşlarının artımı onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu davam edir.

Türkiyə ordusunun təlimlərini keçmiş, türk hərbi komandolarının andını içmiş, türk ordusunun hərbi yerişi ilə addımlayan qəhrəman hərbiçilərimizin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin şah damarı hesab olunan Hadrutda öz rəhbərinə, Ali Baş Komandanına məruzə etməsi, Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi kifayət qədər təsiredici məqamlar idi. Hadrutda illərdir erməni riyakarlığı, erməni qəsbkarlığı güclü yuva salmışdı. İstər Çar Rusiyasının, istərsə də Sovetlər Birliyinin keçmiş Dağlıq Qarabağda erməniləri dəstəkləməsi nəticəsində bu əraziləri onlar özlərinin torpaqları hesab edirdilər. İkinci Qarabağ Müharibəsində Hadrutun azad edilməsinin hərbi strateji məqamları ilə yanaşı psixolji amilləri də kifayət qədər idi. Strateji qəsəbənin işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrutun işğalçılardan azad edilməsi hərbi əməliyyatlarımızın uğurla davam etməsinə xidmət etdi və Şuşaya gedən yolu açdı. Dünyanın ən hörmətli hərbi təyinatlı məktəblərində Azərbaycan ordusunun Hadrut əməliyyatı öyrənilir. Hadrutun ətrafında yerləşən dağlarda, təpələrdə yerləşən ermənilərin ordusu böyük hərbi üstünlüyə malik idi. Bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Hadrutun azad olunması sözün bütün mənalarında müharibənin ilkin mərhələsində taleyini həll etmiş oldu. Ermənilər Hadrutun azad oluna biləcəyini təsəvvür belə etmirdilər. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Öz xalqını əsrlər boyu saxta, yalan tarixlə zəhərləmiş erməni şovinizmi korrupsiya içində boğulan, qonşu dövlətdən asılı bir ordunu qəhrəman hesab edirdi. Azərbaycan ordusu və onun igid hərbiçiləri əsil qəhrəmanların kimlər olduğunu real ifadədə göstərdilər. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha da geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. İndi tarix kitabları həqiqəti yazacaq. Azərbaycan övladları Vətən Müharibəsi dövründə bir addım belə geriyə çəkilməzkən, Ermənistan ordusu 10 min fərari vermişdir. Əlbəttə, bunun da obyektiv səbəbləri vardır. Heç kim özünün olmayan bir torpaq üçün ölmək istəmir. Heç bir erməni əslində xəstə, qəsbkar siyasət uğrunda öz həyatını məhv etmək niyyətində deyildir. Azərbaycanın mübarizəsi haqq, ədalət mübarizəsidir. Biz öz tarixi və hüquqi torpaqlarımız uğrunda canımızı, sağlamlığmızı qurban verməyi bacardığımızı və öz ərazi bütövlüyümüzü qanımız bahasına bərpa etdiyimizi dünyaya nümayiş etdirdik. Müzəffər Ali Baş Komandan Hadrutdan bir daha bəyan etmişdir ki, yenidən əgər hiss etsək ki, ərazilərmizdə, hətta sərhədlərimizdən kənarda bizim üçün hər hansı bir təhlükə olarsa, bizi kimsə saxlaya bilməyəcəkdir. Əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır.

Müzəffər Ali Baş Komandan Hadrutda hərbiçilərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı dəqiq rəqəmlər ifadə etdi. 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur, xidmət etdikləri ərazilərdə xidməti şəraitin yaxşılaşdırılması, təlim toplantıları üçün münbit şəraitin yaradılması istiqamətində meqa əhəmiyyətli işlər görülmüşdür. Hadrutda istifadəyə verilmiş hərbi hissədə cəmi bir neçə il əvvəl düşmən ordusu yerləşirdi. Elə bilirdilər ki, onlar əbədi olaraq işğal etdikləri torpaqlarda qalacaqlar. Tarix, tale və qəhrəman xalqımız haqsızlığın davam etməyəcəyini göstərdi. Hərbi hissəyə döyüş bayrağının verilməsi anında briqada komandirinin həvəslə etdiyi məruzəni, səsindəki qüruru, məğrurluğu yəqin ki, Hadrut dağları, dağların ardındakı Xankəndində yaşayan ermənilər və separatçıların danışığını bilməyən rəhbəri də duydu. Əminəm ki, bütün Qarabağda, Zəngəzurda “Komando” birlikləri bundan sonra da yerləşdiriləcəklər. Həmin igid, ər Azərbaycan oğullarının nəfəsini separatçılar hər zaman şah damarlarında hiss edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv